Üç güləşçimiz DB-nın yarımfinalında
Bu gün Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar arasında (U-17) idman güləşi üzrə Dünya Birinciliyinə (DB) yunan-Romacilarin çıxışı ilə start verilib. Birinciliyin start günü 5 təmsilçimiz döşək üzərinə çıxaraq, mübarizəyə qatılıb.
Təmsilçilərimizdən üçü daha inamla güləşərək yarımfinala yüksəlib.
Bu üçlükdə Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və İsfahan Həsənov (80 kq) yer alıb.
Qeyd edək ki, startda Hindistan, 1/4-də isə İran təmsilçisini üstələyərək 1/2-ə yüksələn Salmanov finala çıxışda rusiyalı Soltan Yusifovla qarşılaşacaq.
Orxan Həbibliyə gəlincə, startda Çexiya, 1/4-də isə Özbəkistan təmsilçisini məğlub edərək yarımfinala yüksələn güləşçimiz bu mərhələdə ukraynalı İbrahim Nəsibovla üzləşəcək.
İsfahan Həsənov da ilk üç görüşdə rəqibini məğlub edərək yarımfinala yüksəlib. Qeyd edək ki, startda Xorvatiya təmsilçisini məğlub edərək 1/8-ə yüksələn Həsənov burada polşalı rəqibini də üstələyib. Ardından türkiyəli Abdulxalik Balı 5:2 hesabla məğlub edərək yarımfinala yüksəlib.
Təəssüflər olsun ki, Qurban Məmmədov (55 kq) və Emin Baxşəliyev (110 kq) isə startda uduzub.
Yarış davam edir.
İNTİQAM Məmmədov


