Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək
Azərbaycanda xor sənətinin inkişafına və gənclərin musiqi yaradıcılığına marağının artırılmasına yönəlmiş yeni təşəbbüs – "AVAZ” Gənclərin Xor Düşərgəsi ilk dəfə təşkil olunur.
AZpress.AZ xəbər verir ki, 5–9 avqust 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçiriləcək düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı İctimai Xoru tərəfindən həyata keçirilir.
"AVAZ” Gənclərin Xor Düşərgəsi ölkəmizdə ilk dəfə olaraq xor sənətinə həsr olunmuş genişmiqyaslı gənclər düşərgəsidir. Layihənin əsas məqsədi gənclər arasında xor mədəniyyətinin təbliği, kollektiv musiqi ifaçılığı ənənələrinin inkişaf etdirilməsi, yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin müxtəlif regionlardan olan gənclər arasında ünsiyyət və əməkdaşlığın gücləndirilməsidir.
Beş gün davam edəcək proqram çərçivəsində iştirakçılar interaktiv xor sessiyaları, vokal və estrada sənəti üzrə ustad dərsləri, yaradıcılıq və motivasiya görüşləri, təlimlər, komanda fəaliyyətləri və müxtəlif mədəni proqramlarda iştirak edəcəklər. Düşərgə iştirakçılarına həm peşəkar musiqi mühitini yaxından tanımaq, həm də kollektiv ifaçılığın üstünlüklərini praktiki şəkildə mənimsəmək imkanı yarad.
Layihə yalnız peşəkar musiqi təhsili alan gənclər üçün deyil, musiqiyə maraq göstərən, xor ifaçılığına həvəsli bütün 16–26 yaşlı gənclər üçün açıqdır. Əsas meyar iştirakçıların musiqiyə sevgisi, öyrənmək həvəsi və kollektiv yaradıcılığa marağıdır.
Düşərgədə iştirak etmək istəyən gənclər əvvəlcə elektron qeydiyyatdan keçməlidirlər. Seçim mərhələsini uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq və yekun seçimdən sonra düşərgədə iştirak hüququ qazanacaqlar.
Qeydiyyat üçün son müraciət tarixi 26 iyul 2026-cı il, saat 18:00
Qeydiyyat üçün keçid edin: https://forms.gle/8BYdCpvtCKoVk8iZ8


