Güləş üzrə Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların heyəti açıqlanıb
İyulun 27-dən avqustun 2-dək Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə dünya çempionatı keçiriləcək.
Bir həftə davam edəcək bu yarışda, ev sahibi Azərbaycan da daxil olmaqla, 60-dan çox ölkəni təmsil edən 663 güləşçi medallar uğrunda mübarizə aparacaq. Yeri gəlmişkən həm ölkələrin, həm də iştirakçıların sayı baxımından bu son 20 ilin rekord göstəricisidir.
Bu gün DÇ-2026-nın keçiriləcəyi məkanda idmançıların media üçün açıq məşq prosesi keçirilib və iştirakçı komandaların heyəti açıqlanıb.
Heyətin açıqlamasından öncə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev, qurumun baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə U-17-nin böyük məşqçisi Rafiq Hüseynov, qızlardan ibarət yığma komandanın çalışdırıcısı Mariya Stadnik və sərbəst güləş üzrə U-17-mizin böyük məşqçisi Hacı Əliyev çıxış ediblər.
Reqlamentə uyğun olaraq həm yunan-Romaçıar, həm qızlar, həm də sərbəst güləşçilər 10 çəki dərəcəsində çıxış edəcəklər. Azərbaycan komandalarına gəlincə, böyük məşqçisi ikiqat dünya çempionu adını daşıyan Rafiq Hüseynov olan yunan-Roma güləşi üzrə yığma komandamız 10, böyük məşqçisi Mariya Stadnik olan qızlardan ibarət U-17-miz 9, dördqat dünya çempionu Hacı Əliyevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmamız isə 10 güləşçi ilə çıxış edəcək. Qızlarımız 40, 43, 46, 49, 53, 57, 65 və 96, yunan-Romaçılar və sərbəst güləşçilərimiz isə 45, 48, 51, 55, 60, 65, 71,80, 92 və 110 kq çəki dərəcəsində güclərini sınayacaqlar. Turnirin açılış mərasimi 27 iyul saat 17:15-də olacaq. Turniri 64 beynəlxalq dərəcəli hakim idarə edəcək.
İNTİQAM Məmmədov


