Şərqi Zəngəzur regionunda mədəni irsin sosial-iqtisadi təsirlərinin öyrənilməsinə başlandı
Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti hesabına, Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Böyük qayıdış prosesində mədəni irsin sosial-iqtisadi təsirləri” adlı layihəsi çərçivəsində Zəngilan, Qubadlı, Laçın rayonlarına səfər təşkil edilir.Səfərə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı tarix elmləri doktoru professor Hacı Həsənov. “Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurası”nın üzvü Nəsibov Faiq, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı Rəhimova Jalə, SİA İnformasiya Agentliyinin üzvü Murad Mahmudov.Vətəndaş Cəmiyyəti üzvləri Sevinc Vəlizadə, Rüfət Rəhimov, Mehriban Abdullayeva, Yalə Hüseyinzadə, Niyazi Quliyev və Layihə rəhbəri Faiq İsmayılov ezam olundular.
Şərqi Zəngəzur regionu Azərbaycanın zəngin tarixi, arxeoloji, memarlıq və etnoqrafik irsə malik strateji ərazilərindən biridir. Regiona Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Şərqi Zəngəzur iqtisadi rayonunun digər əraziləri daxildir. Bu ərazilər qədim yaşayış məskənləri, kurqanlar, qalalar, məbədlər, körpülər, məscidlər, qəbiristanlıqlar, xalq memarlığı nümunələri və zəngin qeyri-maddi mədəni irs elementləri ilə seçilir. Regionun mədəni irsinin sistemli şəkildə öyrənilməsi yalnız elmi baxımdan deyil, həm də dövlət siyasəti, Böyük Qayıdış proqramı, davamlı inkişaf və milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Böyük qayıdış prosesində mədəni irs təkcə keçmişin qorunması deyil, həm də gələcəyin qurulması üçün strateji inkişaf resursudur. Onun qorunması və səmərəli idarə olunması sosial rifahın yüksəlməsinə, iqtisadi aktivliyin genişlənməsinə, icmaların dayanıqlı inkişafına və işğaldan azad edilmiş ərazilərin uzunmüddətli dirçəlişinə mühüm töhfə verir. Bu baxımdan, mədəni irsin bərpası Böyük qayıdış siyasətinin sosial, iqtisadi və mədəni dayanıqlığını təmin edən əsas sütunlardan biri hesab edilir.
Layihənin məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunda mədəni irsin sosial-iqtisadi inkişaf proseslərinə təsirini mütəxəsislər tərəfindən kompleks şəkildə öyrənmək, bu sahədə mövcud inkişaf meyllərini və potensial imkanları müəyyənləşdirmək, mədəni irsin qorunması və səmərəli idarə olunmasının regional inkişaf, məşğulluq, turizm, sahibkarlıq, investisiya cəlbediciliyi və icmaların dayanıqlı inkişafına təsirlərini qiymətləndirməkdir. Tədqiqatın nəticələri əsasında Şərqi Zəngəzur regionunda mədəni irsin davamlı sosial-iqtisadi inkişafa inteqrasiyasını təmin edən elmi əsaslandırılmış strateji yanaşmalar və praktik tövsiyələr hazırlanacaq.
Şərqi Zəngəzur regionunda mədəni irsin öyrənilməsi yalnız elmi-tədqiqat fəaliyyəti deyil, həm də milli təhlükəsizlik, mədəni diplomatiya, regional inkişaf və sosial bərpa siyasətinin mühüm tərkib hissəsidir. Müasir texnologiyalar, beynəlxalq metodologiyalar və multidissiplinar yanaşmaların tətbiqi regionun zəngin mədəni irsinin daha dolğun öyrənilməsinə, etibarlı sənədləşdirilməsinə və gələcək nəsillər üçün qorunmasına geniş imkanlar yaradır. Şərqi Zəngəzur regionunda mədəni irsin öyrənilməsi aşağıdakı istiqamətləri əhatə edir:
- Arxeoloji abidələrin aşkar edilməsi və elmi tədqiqi;
- Tarixi-memarlıq abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması;
- Daş kitabələrin, epiqrafik nümunələrin və qədim yazılı mənbələrin araşdırılması;
- Toponimlərin və tarixi coğrafiyanın öyrənilməsi;
- Etnoqrafik irsin, xalq sənətkarlığının və ənənəvi yaşayış mədəniyyətinin tədqiqi;
- Qeyri-maddi mədəni irsin (folklor, musiqi, mərasimlər, sənətkarlıq) sənədləşdirilməsi;
- İşğal dövründə mədəni irsə vurulmuş zərərin qiymətləndirilməsi və bərpa prosesinin elmi əsaslandırılması.
Toponimlərin tədqiqi regionun qədim etnik və tarixi inkişafının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və bu sahədə AMEA Tarix və Etnologiya, eləcədə Arxeologiya İnstitutları tərəfindən müxtəlif illərdə elmi monoqrafiyalar hazırlanmışdır. Şərqi Zəngəzurda mədəni irsin öyrənilməsi multidissiplinar yanaşma tələb edir. Şərqi Zəngəzur irsinin öyrənilməsində əsas metodlar bunlardır:
- Tarixi və müqayisəli təhlil;
- Arxeoloji qazıntılar və sahə tədqiqatları;
- Memarlıq ölçmələri və konstruktiv analiz;
- Arxiv sənədlərinin və tarixi xəritələrin araşdırılması;
- Coğrafi İnformasiya Sistemləri (CİS/GIS) və rəqəmsal xəritələşdirmə;
- Peyk təsvirləri və uzaqdan zondlama texnologiyaları;
- 3D lazer skanlama və fotogrammetriya;
- Şifahi tarix müsahibələri və etnoqrafik müşahidələr.
Müasir tədqiqatlarda peyk təsvirləri, CİS texnologiyaları və aerokosmik məlumatlardan istifadə regionun təbii və mədəni landşaftlarının daha dəqiq qiymətləndirilməsinə imkan yaradır. Hazırda region üzrə elmi araşdırmalarda aşağıdakı prioritet istiqamətlər xüsusi aktuallıq daşıya bilər:
- Azad edilmiş ərazilərdə bütün mədəni irs obyektlərinin tam inventarlaşdırılması;
- İşğal dövründə dağıdılmış və dəyişdirilmiş abidələrin sənədləşdirilməsi;
- Rəqəmsal mədəni irs bazasının yaradılması;
- Mədəni landşaftların kompleks qiymətləndirilməsi;
- Tarixi yaşayış məntəqələrinin inkişaf dinamikasının öyrənilməsi;
- Mədəni irsin sosial-iqtisadi inkişaf və turizm potensialının qiymətləndirilməsi;
- Yerli icmaların irsin qorunması prosesinə cəlb olunması.
Şərqi Zəngəzurun mədəni irsinin öyrənilməsi aşağıdakı nəticələrin əldə olunmasına xidmət edir:
- Tarixi həqiqətlərin elmi əsaslarla təsdiqi;
- Milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi;
- Böyük Qayıdış proqramının mədəni əsaslarının formalaşdırılması;
- Bərpa və konservasiya layihələrinin elmi əsaslandırılması;
- Mədəni turizmin və yaradıcı iqtisadiyyatın inkişafına töhfə verilməsi;
- Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi;
- Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması.
Qarabağ və Şərqi Zəngəzur irsinin sistemli sənədləşdirilməsi və rəqəmsallaşdırılması beynəlxalq standartlara uyğun mühafizə və idarəetmə sisteminin qurulmasının əsas şərtlərindən biri hesab olunur. Böyük qayıdış prosesində mədəni irsin sosial-iqtisadi təsirləri yalnız tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Mədəni irs insanların doğma torpaqlara qayıdışını dəstəkləyən, iqtisadi fəallığı artıran, sosial birliyi möhkəmləndirən və regionun uzunmüddətli inkişafını təmin edən strateji resurs kimi çıxış edir.
Layihənin ümumi məqsədi Şərqi Zəngəzur regionunda mədəni irsin sosial-iqtisadi inkişafda rolunu elmi əsaslarla tədqiq etmək, onun Böyük Qayıdış prosesinə, regional iqtisadi inkişafın sürətləndirilməsinə, turizm və yaradıcı iqtisadiyyatın inkişafına, məşğulluğun artırılmasına, yerli icmaların sosial rifahının yüksəldilməsinə və dayanıqlı inkişaf məqsədlərinə töhfəsini qiymətləndirmək, əldə olunan nəticələr əsasında mədəni irsin qorunması, idarə olunması və sosial-iqtisadi inkişaf proseslərinə səmərəli inteqrasiyasını təmin edən elmi əsaslandırılmış strateji yanaşmalar və siyasət tövsiyələri hazırlanacaqdır. Məhz bu baxımdan Şərqi Zəngəzur regionunda mədəni irsin sosial-iqtisadi təsirlərininb öyrənilməsinə başlandı.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri


