Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhid Anar Novruzov anılıb - MASALLIDA 

 

“Vətən uğrunda yazılan ömür” 

 

Masallıda Tovuz döyüşləri şəhidi Anar Novruzovun anadan olmasının 50 illiyi münasibətilə "Vətən uğrunda yazılan ömür" adlı anım tədbiri keçirilib.
İyulun 16-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Masallı Dövlət Rəsm Qalereyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Birliyinin Masallı rayon komitəsinin birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr (MƏSQ) Veteranları Təşkilatının rayon şöbəsinin dəstəyi ilə reallaşıb.
Anım mərasimində şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri, mədəniyyət və təhsil işçiləri, eləcə də gənclər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva açılış nitqində bildirib ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O vurğulayıb ki, Vətən uğrunda canını fəda edən qəhrəmanların həyat yolu xalqımızın milli yaddaşında əbədi yaşayacaq.
Sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə şəhid Anar Gülverdi oğlu Novruzovun həyat və döyüş yolundan bəhs edən məruzə ilə çıxış edib. O, qəhrəmanın Vətənə bağlılığından, xidmət dövründə göstərdiyi fədakarlıqdan və Tovuz döyüşlərində yazdığı qəhrəmanlıq salnaməsindən danışıb.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Vaqif Yusifli, MİHİ Respublika Birliyinin Masallı rayon komitəsinin sədri Vəkil İsmayılov, MƏSQ Veteranları Təşkilatının rayon şöbəsinin sədr müavini Ədalət Hüseynov, "Yeni həyat" qəzetinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Nahid Pəhimov, Masallı Dövlət Regional Kollecinin əməkdaşı Ülkər Əliyeva, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Günay Xəlilova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şəfa Nur Anar Novruzovun yüksək vətənpərvərlik nümunəsi göstərdiyini, peşəkarlığı və döyüş meydanındakı igidliyi ilə yadda qaldığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin İyul döyüşləri sonradan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mənəvi və siyasi əsaslarını formalaşdıran mühüm mərhələlərdən biri olub.
Şəhidin qardaşı Sucəddin Novruzov çıxışında Anarın uşaqlıq və gənclik illərindən, Vətən sevgisindən və ailə dəyərlərinə bağlılığından söhbət açaraq onun xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.
Şəhidin həyat yoldaşı Nazilə Novruzova isə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.
Anım tədbiri şəhid Anar Novruzovun həyat və döyüş yolunu əks etdirən sərgiyə baxışla başa çatıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin