Arif Fərzəlinin 70 illik yubileyi - MASALLIDA
Masallıda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-publisist Arif Fərzəlinin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
İyulun 15-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında təşkil olunan tədbirdə yazıçılar, alimlər, mədəniyyət və təhsil işçiləri, jurnalistlər, ictimaiyyət nümayəndələri, eləcə də şairin yaxınları və sənətsevərlər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, həmçinin dünyasını dəyişmiş yerli ədiblərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Arif Fərzəlinin müasir Azərbaycan poeziyasının tanınmış və özünəməxsus yaradıcılıq dəst-xəttinə malik sənətkarlarından biri olduğunu vurğulayıb. O bildirib ki, şairin zəngin ədəbi irsi, milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunda yazdığı əsərlər Azərbaycan ədəbiyyatında layiqli yer tutur.
Sonra yubilyarın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Qeyd olunub ki, Arif Fərzəli (Arif Xudakərim oğlu Fərzəliyev) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kimya fakültəsini bitirsə də, ömrünü bədii yaradıcılığa həsr edib. Sonralar M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsində ikinci ali təhsil alaraq ədəbi fəaliyyətini daha da zənginləşdirib.
Şairin ilk şeirləri Masallıda nəşr olunan “Çağırış” qəzetində dərc edilib, daha sonra isə əsərləri respublikanın müxtəlif qəzet və jurnallarında müntəzəm çap olunub. Pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif illərdə “Gənclik” jurnalının bölgə müxbiri, “Qala” qəzetinin baş redaktor müavini kimi çalışıb. O, “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli, Əməkdar jurnalist Zakir Abbas və Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev çıxışlarında bildiriblər ki, yarım əsrə yaxındır müqəddəs sözə sədaqətlə xidmət edən Arif Fərzəlinin zəngin yaradıcılıq təcrübəsi, orijinal poetik dünyagörüşü və yüksək sənətkarlığı Azərbaycan ədəbiyyatını dəyərli əsərlərlə zənginləşdirib. Natiqlər əminlik ifadə ediblər ki, şair bundan sonra da yeni əsərləri ilə oxucuların mənəvi dünyasına işıq tutacaq.
Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, şair və yazıçılardan Əlizaman Baxış, Ağamir Cavad, Xanəli Tolış, Camal Lələzoə, Alıq Nağıoğlu, Şəfa Nur, Rafiq Məmməd, Məmməd Əvəzoğlu, Soltanağa Cəfərov, jurnalistlər Mərhəmət Lələyev, Cəfərov Cəfərov, rayon Mərkəzi Kitabxanasının direktoru Zamin Məmmədov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılov çıxış edərək Arif Fərzəli yaradıcılığının illər ötdükcə öz aktuallığını qoruduğunu bildiriblər. Qeyd olunub ki, onun poeziyası insanın daxili aləmini, mənəvi saflığını, vətən sevgisini, yurd təəssübkeşliyini və yüksək insani dəyərləri böyük ustalıqla tərənnüm edir. Bildirilib ki, Arif Fərzəlinin şeirləri təkcə oxunmur, həm də yaşanılır, düşündürür və oxucunu mənəvi kamilliyə səsləyir.
Çıxış edənlər yubilyarı təbrik edərək ona cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri, eləcə də şairin nəvələri Zəhra və Arif babalarını təbrik edib, onun şeirlərini səsləndiriblər.
Yubiley mərasimində iqtisad elmləri doktoru, professor, şair Rəsmiyyə Sabir və Əməkdar jurnalist Əli Nəcəfxanlının təbrik məktubları oxunub.
Daha sonra müxtəlif dövlət və ictimai qurumlar tərəfindən yubilyara Fəxri fərmanlar, təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
Sonda Arif Fərzəli yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara minnətdarlıq ifadə edib.
Akif AĞAYEV,
Elsevər Əliyev,
Faiq Mirzə.


