DÇ-2026-da 1/4-ə Fransa - Mərakeş qarşılaşması ilə start veriləcək
İyunun 11-də ABŞ, Kanada və Meksikada startı verilən futbol üzrə 23-cü dünya çempionatı artıq finişə yaxınlaşır. İyulun 9-da mundialda 1/4 final mərhələnin görüşləri başlayacaq. Münasibətləri ayird etmək üçün ilk olaraq meydana Fransa və Mərakeş çıxacaq. Oyun Bakı vaxtı saat 23:00-da başlanacaq.
Ertəsi gün saat 22:00-da isə Mundialın favoritlərindən hesab edilən İspaniya millisi Belçika yığması ilə qarşılaşacaq.
Bu cütlərin qalibləri yarımfinalda qarşılaşacaqlar.
İyulun 12-də isə daha iki oyun keçiriləcək. Saat 00:05-də Norveç - İngiltərə (çoxları bu görüşü Halann - Keyn dueli kimi də adlandırır), saat 04:00-da isə Argentina millisi ilə İsveçrə yığması üzləşəcək. Görüşdən qalib ayrılan komandalar 1/2 finalda rəqib olacaqlar.
Maraqlıdır ki, mundialın bombardirləri siyahısına liderlik edən futbolçuların təmsil olunduğu komandalar hələki mübarizəni davam etdirir:
Lionel Messi (Argentina) - 8 qol;
Kilian Mbappe (Fransa) - 7 qol;
Erlinq Halann (Norveç) - 7 qol;
Harri Keyn (İngiltərə) - 6 qol.
Sözügedən mundiala iyunun 19-da baş tutacaq həlledici final görüşü ilə yekun vurulacaq.
Yeri gəlmişkən, bu çempionatda ilk dəfə olaraq planetin 48 ən yaxşı komandası 12 müxtəlif qrupda mübarizəyə qatılıb. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və ən yaxşı 8 üçüncü yerin sahibi pley-offa çıxaraq, mübarizəni 1/16 finaldan davam etdiriblər.
İNTİQAM Məmmədov


