Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc Ədalətqızı:
Azadlığın və məhəbbətin qoşa Şəhadət zirvəsi

   1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə işğalçı Sovet ordusu fövqəladə vəziyyət elan edilmədən Bakıya daxil olaraq qanlı qırğın törətdi. Qırmızı İmperiya qoşunlarının hərbi təcavüzü nəticəsində yüzlərlə əliyalın dinc sakinimiz ağır zirehli texnikalar altında misilsiz qətliama məruz qaldı. Kimisi insan həyatı üçün təhlükəli, qadağan edilmiş, zəhərli güllələrdən həyatını itirdi. Kimisi fiziki və mənəvi psixoloji zədə alaraq, ömürlük şikəst oldu.  Kimisi itkin düşdü, nə ölüsü nə də dirisi məlum oldu.  Kimisi də qanunsuz şəkildə Vətəndən uzaq diyarlara aparılaraq həbsxana divarlarına məhkum edildi.           
Qanlı yanvar faciəsi çox ailələri başsız, ümidsiz, və bir ömür boyu həsrət, intizar içində qoyub. Həmçinin sevənləri bir-birindən əbədi ayıraraq arxasınca gözü yaşlı buraxıb. Milli azadlıq eşqi və mücadilə əzmiylə meydanlara qoşanlar içərisində o qanlı gecədən sonra bir daha geri qayıtmayanlar da var. O müdhiş gecədən bəri hələ də qulaqları səsdə, gözləri yolda qalanlar da var. Məhz bu faciə zamanı  verdiyimiz qurbanlar bahasına azadlığın dünyada şirin nemət, Şəhidliyinsə şərəfli ucalıq,  ölümsüz  zirvə olduğunu dərk etmişik. Bu şərəfli ucalığa və ölümsüzlük zirvəsinə doğru qoşa addımlamaq isə hər sevib-sevilən Allah bəndəsinə nəsib olmur  həyatda. İlham və Fərizə kimi! Onlar Azərbaycanın azadlıq mübarizəsi tarixinə saf sevgiləriylə əbədilik dastanı yazdılar! 
Meydanlar qoynunda müstəqilliyimiz uğrunda mücadilə verən gənclər sırasında İlham və Fərizə də qərar tutardı. Vətən sevgisi hər iki gəncin qəlbində hədsiz dərəcədə güclü, dərin hisslərlə kök salmışdı.
    Milli birliyimizin və həmrəyliyimizin bünövrəsi qurulan gün 1989-cu il dekabrın 31-də Arazın o tayından bu tayına uzanan tikanlı məftillər sökülərkən  İlham da bir Vətən övladı kimi Sərhəd hərəkatına qoşularaq əsl vətəndaşlıq nümayiş etdirmişdi. 
Qanlı faciə baş verməmişdən öncə Fərizə həmin gün çox narahat, İlham isə olduqca fikirli və qayğılı idi. Heyrət içində donub qalan nigaran baxışlar son dəfə bir-birinə dikilən anda Fərizə sükutu pozaraq həmin gecə İlhamdan onu yalqız qoymamasını rica etdi. Qarşıdan gələn təhlükə, onları haqlayacaq fəlakət ilk baxışda ağlasığmaz görünürdü. Bu xoşbəxt cütlük nə biləydi ki, sonsuzadək birgə zənn etdikləri ailə səadətinin ömrü cəmi 6 ay sürəcək. Onlar hardan biləydi ki, Qanlı Yanvar faciəsi sonsuz arzu və ümidlərini puç edib, xoşbəxt  günlərinə son qoymaqla yanaşı  dünyaya gəlişini sevinclə gözlədikləri körpənin də ömrünə balta çalacaq. 

İlham 1990-cı ilin 19 yanvar gecəsi onu azadlıq yolunda mübarizəyə səsləyən qəlbində sonsuz Vətən sevgisiylə çıxdı meydana. Bir qrup qara geyimli mücadiləçi gənclər dəstəsinin fəal üzvü kimi. O gün Ana torpaq da qara geymişdi. Uğrunda canını fəda etmiş oğul və qızlarını bağrına basmağa tələsirdi sanki. Ana fəryadı, ata harayı, bacı naləsi bir-birinə qarışmışdı… 

İlhama “11-ci Qızıl Ordu” abidəsinin yanında güllə atılan anda Fərizə bu ağrını sanki öz canında hiss etmiş və bu dünyada özünə yer tapa bilməmişdi. O qanlı gecədə bətnindəki  körpəsinin atasına “Məni tək qoyub getmə” desə də İlham onun yanına tezliklə qayıdacağına vəd vermişdi. Lakin İlhamın vücudunu param-parça edən güllə onu haqlamadan əvvəl Fərizənin  təzə-tər qönçə kimi yenicə pardaxlanmış arzularına dəymişdi. Fərizə gecəni səhərədək qapı arxasında əynində nazik paltarla titrəməsinə baxmayaraq sonsuz məhəbbət və ümidlə  İlhamın yolunu gözləyirdi. Ərinin alovlu məhəbbəti təzə gəlinin qəlbinin hərarətini artırırdı. İlhamın yoluna baxan gözlər onsuz qəribsəmişdi. Canından da çox sevdiyi İlhamının Şəhidlik xəbərini duyandan sonra hər vasitə və min bəhanə ilə ona qovuşmağa can atır, onun yanına getməyə tələsirdi. Tezliklə gedəcəkdi də… Onunla qoşa məzarda uyumaq, onu yalqız qoymamaq üçün. Fərizə sevib-seçdiyi İlhamını torpağa onsuz vermək istəmirdi. “Axı necə ola bilər ki İlham soyuq torpaq altında yatsın, mənsə isti yerimdə rahat yatım? Dünyasında belə bir şey ola bilməz.” Ər evinə qoşa gəldiyi kimi məzara da qoşa gedəcəkdi. Bu minvalla da canına qıymağa  qərar vermişdi. Çünki Fərizə üçün başqa yolu yox idi. Şəriət bir insanın özünə xətər yetirməklə canına qəsd etməsini qəbuledilməz saydığı təqdirdə, Fərizənin fədakarlığı cəmiyyət arasında bir  şərəf və ləyaqət nümunəsi kimi dəyərləndirilir. Onlar arzuladıqları məkana-Şəhidlər Xiyabanına qovuşaraq orada əbədi məskən saldılar. Şəhadət gecəsindən öncə onlar birgə yaşayacaqları yeni bir ev arzulayırdılar. Lakin…
     Nişanlı vaxtı Dağüstü parkda İlhamıyla qoşa addımlamağı çox sevirdi Fərizə. Bir dəfə dərindən köks ötürərək İlhama sevgiylə pıçıldayarkən: “Burada evimiz olsun istəyirəm” deyə arzulamışdı. Sanki Tanrı səsini eşidərək öz dərgahında məramını gerçəkləşdirdi. Fərizə yeni evində əbədi olaraq İlhamına sarıldı, ona qovuşdu. 
   Milli azadlıq mücahidi, 20 Yanvar faciəsinin ilk Şəhidlərindən sayılan İlham Allahverdiyev Azərbaycanın azadlığı və suverenliyi uğrunda fədakarcasına canını qurban verdi. Onun ömür gün yoldaşı Fərizə Allahverdiyeva isə nəinki İlhamın, bütün Şəhidlərimizin yolunda canını fəda etdi. 
     İlham və Fərizə cütlüyü Azadlığın və məhəbbətin Şəhadət zirvəsinə qoşa ucalaraq, sədaqət  rəmzinə çevrildilər. Onların Şəhid məzarları da həmçinin sevənlərin müqəddəs inam, əhd-peyman yerinə döndü. Neçə-neçə ailə quran cütlük yolunu Şəhidlər Xiyabanından salarkən bu qoşa məzar başında İlham və Fərizə kimi sevib-sevilməyə, ömürləri boyu bir-birilərindən ayrılmayacaqlarına vəfa andı içdilər.
    Qanlı Yanvarın Şəhid cütlüyü İlham və Fərizə məhəbbəti bütün sevənlərə örnək olacaq bir əfsanəvi dastan şəklində dillərdə dolaşmaqdadır.  Həmin məşum gecədə Fərizə əsl məhəbbətini əbədi olaraq itirdi. Lakin əhdinə sadiq qaldı. İlhamsız ömür-gün sürməyi, onsuz yaşamağı nə özünə nə də körpəsinə rəva bildi. Bax, budur əsl fədakarlıq nümunəsi! İsmətli Azərbaycan qadınına xas olan namus, qeyrət mücəssəməsi. 
    Və elə bu səbəbdəndir ki, hər il iyunun 30-u – İlham və Fərizənin toy günü, Azərbaycanda səmimi sevginin, sədaqətin, Vətən eşqi ilə yoğrulmuş məhəbbətin rəmzi kimi qeyd olunur. Bu gün xalq arasında qeyri-rəsmi olaraq Sevgililər Günü kimi anılır. Onların məhəbbəti zaman və məkan sərhədlərini aşaraq, gənc nəsillərə nümunə olan əfsanəvi bir eşq dastanına çevrilib.
Sevinc Ədalətqızı

Best coffeeshop in Berlin