Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev:

Cıdır düzü
(Esse)


  Dünən Şuşaya getmişdim. Şuşada qəlbim riqqətə gəlsə də, nəsə çatmırdı. Hisslərim tamlığa yetişə bilmirdi, elə yarımçıq da gəzirdim ziyarətgahımızı. Gəzərək Cıdır düzünə gəldim, gördüklərim məni sevindirsə də, bədənim ürək nahiyəsində narahat idi.  
Ürək narahatlığım həmişə olsa da, buralarda o narahatlığım daha da artmışdı. Ürəyimlə bağlı çox müayinələrdən keçmişdim və həkimlər orada heç bir qüsur tapmamışdılar…
Özümü hisslərimin cilovunu buraxdım və özümdən asılı olmayaraq Cıdır düzünün ortasında yerə, çəmənə uzanıb gözlərimi yumdum. Qulağımı sakitliyə şəklədim və sükutun içində əvvəl çox uzaqdan gələn, sonra yavaş-yavaş yaxınlaşan at ayaqlarının səsini eşitdim. 
İlxı ətrafımda fırlanmağa başladı və at kişnəmələrini eşitdim, bu yalnız Qarabağ atlarına xas məğrur kişnəmələr idi…
 Atlar mənə yaxınlaşdıqca, onların üstündə oturmuş insanların şən səslərini eşitdim: Can Şuşa, sən bizimsən! 
Bu Cıdır düzündə ruhlarımız bundan sonra əbədiyyətə kimi  Qarabağ atlarını çapacaq.
Biz bu torpaqları canımız bahasına aldıq və artıq ruhlarımız rahatdır.
 Atların ətrafımda çapmasından və süvarilərin qıy vurmalarından bütün Cıdır düzü titrəyir və mənim də bədənimi titrədirdi. Bədənim titrədikcə ürəyim də bədənimlə birlikdə titrəməyə başladı. Atların sürəti artırdıqca, ürəyim də sürətlə titrəyir və hansısa an bədənimin ürəyim yerləşən nahiyəsindən bir səs çıxdı. Belə səsi eşitmişdim, bu səs çıxmış oynaq yerinə düşəndə eşidilir. Görünür, mənim çıxmış ürəyim yerinə şaqqıltı ilə düşmüşdü.
O səsdən sonra atlar bərk kişnərtiləri ilə,  onların üstündə oturmuş igidlər şən səsləri  ilə məndən aralaşdılar. Ətrafa sakitlik çökdü.
 Xankəndi tərəfdən gələn sərin meh üzümü xoş sığalladı və mən ayağa qalxdım. Ətrafdakı mənzərələr mənə olduğundan da gözəl, əsrarəngiz  və doğma göründü, axı mən Şuşaya, ürəyim isə, nəhayət, öz yerinə düşmüşdü…
Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin