Elçin Əliyev:
İçərişəhərdə daimi ekspozisiyam açıldı
Bu gün mənim üçün mühüm və əlamətdar bir hadisə baş verdi: «İçəri-Şəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində daimi ekspozisiyanın açılışı oldu. Ekspozisiyanın əsasını mənim tərəfindən Qədim şəhərə hədiyyə edilmiş, mənim üçün əziz olan tarixi materiallar və eksponatlar — poçt açıqcaları, qədim açarlar, tarixi binaların və onların sakinlərinin fotoları, kağız əsginaslar, metal fasad elementləri, albomlar, kitablar...
Uzun illər idi ki, bu unikal materialları «İçəri-Şəhər»də fəaliyyət göstərən muzeylərə təqdim etməyi arzulayıb və bunun üçün müxtəlif cəhdlər göstərirdim. Təəssüf ki, dəfələrlə laqeydlik və məsuliyyətsizliklə üzləşməli olurdum. Təəccüblüdür ki, məmurlar şəhərimizin tarixini əks etdirən belə dəyərli materialların qorunmasına və təbliğinə sadəcə maraq göstərmirdilər.
Qədim orta əsrlər tarixi ilə bağlı bu gözəlliyi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının görə bilməməsi məni həqiqətən məyus edirdi.
Və, nəhayət, «İçəri-Şəhər»də müsbət istiqamətdə baş vermiş real və hiss olunan dəyişikliklərdən sonra bu mümkün oldu.
Hədiyyə etdiyim eksponatlar əsasında yaradılmış və bütün ziyarətçilər üçün açıq olan bu gözəl muzey guşəsinin təşkilinə görə «İçəri-Şəhər» rəhbərliyinə səmimi təşəkkürümü bildirirəm.
Əziz dostlar, bu ekspozisiyanı mütləq ziyarət edin. Xoş gəlmisiniz!


