Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kərim Kərimli:

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 5 yaşı tamam olur

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.
Mən, işğaldan azad olunmuş Şuşaya ilk dəfə bu idarə yardılandan 2 ay 1 həftə sonra - 29 avqust 2021-ci ildə gəlmişəm. Bu cür gəlişim 10 dəfədən çox olub. 
12-ci dəfə - 10 may 2024-cü ildə isə həmişəlik köçmüşəm.
Həmin ilin 24 mayından bu idarədə işləməyə başlamışam.
Bu gün ŞŞDQİ-nin artıq 5 yaşı tamam olur.
Mənim fikrimcə bu, böyük bayramdır. 28 il 6 ay mənfur düşmənin dəhşətli işğalı altında qalan əziz Şuşamız artıq azad nəfəs alır və gündən günə gözəlləşir, abadlaşır, inkişaf edir, çiçəklənir.
...Və bu işlər məhz ŞŞDQİ-nin əsas fəaliyyətinə daxildir.
İlk dəfə yarananda üç nəfərlə fəaliyyətə başlayan kollektivin üzvlərinin sayı indi 200-ü keçir. Hələ bu, son deyil və getikcə daha da böyüyəcəyi, fəaliyyət dairəsinin daha da genişlənəcəyi gözlənilir.
İşlədiyim kollektivin bu dəqiqələrdə də, yəni öz ad günündə də gərgin işlə məşğul olan rəhbərliyini və bütün heyətini bu böyük və səmimi ailənin yaranması günü münasibətilə təbrik edirəm, Şuşamızın gələcəyi naminə böyük uğurlar arzulayıram.
Mən də çox sevinirəm ki, düz 28 il 6 aylıq həsrət, hicran, qəm dolu ağır illərdən və daha 3 il 6 aylıq səbirsiz vurnuxmadan, həyəcanlı darıxmadan sonra nəhayət ki, öz evimizə qayıda bildik və çox sevinirəm ki, belə bir komandada doğma yurdumuz üçün az-çox bacardığım bir işin qulpundan yapışıb, az da olsa, kiçik də olsa, öz töhfəmi verə bilirəm.
Hər an ehtiramla, hörmətlə, məhəbbətlə andığımız ölməz şəhidlərimizə, igid qazilərimizə, veteranlarımıza, Ali Baş Komandandan sıravi əsgərə və sıravi mülki şəxslərə qədər yumruq kimi birləşib Şuşanı və bütün Qarabağı işğaldan azad edən Dövlətimizə, Millətimizə və Şanlı Ordumuza dərin minnnətdarlıq hissi daim qəlbimizə hakimdir və bizi heç vaxt tərk etməyəcək.
Şuşamıza eşq olsun!
Bayramımız mübarək olsun!

Best coffeeshop in Berlin