İlqar İsmayılzadə:
Ədəbi tədbirlərin keçirildiyi məkanlar barədə düşüncələrim
Mənim heç kimə qarşı qərəzim və problemim yoxdur. Sadəcə Cəlilabad ədəbi mühitinin bir kiçik üzvü və təmənnasız xidmətçisi kimi çox önəmli bir mövzu barədə düşüncələrimi bölüşmək istəyirəm:
Cəlilabad ədəbi mühitində mövcud olan qəribə məsələlərdən biri də bəzən kitab təqdimatlarının Bakı-Ələt-Astara Magistral yolunun kənarında yerləşən hansısa yolüstü kafedə, Cəlilabad şəhərinin çıxışında yerləşən və rayon sakinləri arasında yaxşı kababı və təmiz içkisi olan hansısa yemək-içmək stalovasında (Basqalda) və ya şəhər mərkəzində yerləşən parkın (Bağın) içindəki Veteranlar Klubunda keçirilməsidir.
Mənə görə ədəbi tədbirlərimiz belə yerlərdə deyil, ədəbiyyata uyğun olan məkanlarda keçirilməlidir. Amma daha qəribə olanı belə məkanlara ədəbi mühitimizin xanım nümayəndələrinin dəvət edilməsindən ibarətdir.
Mən ilk əvvəldən ədəbi mühitimizin xanım nümayəndələrinə öz namusum kimi yanaşmışam. Əgər öz namusumu (məsələn həyat yoldaşı, bacı, qız və gəlini) belə yerlərə aparmıramsa, üstəlik onların Bağın kənarındakı səki ilə hərəkət etməsinə belə icazə vermirəmsə, ədəbi mühitimizin xanım nümayəndələrinə bunu əsla rəva görməməliyəm. Axı ədəbi mühitimizin əziz və dəyərli xanım nümayəndələri də bizim namusumuz sayılmalı və onlara da öz namusumuz kimi yanaşmağa mükəlləfik...
"Qarabağ Qaziləri" İctimai Birliyinin Cəlilabad filialının sədri qazi Maşalla Əliyev və eləcə də keçmiş SSRİ İdman ustası Seyidağa müəllim Eynullayev hər dəfə ədəbi mühitin nümayəndələrinə sayğı və səmimiyyət göstərərək qapılarını təmənnasız olaraq şair və yazıçılarin üzünə açır. Lakin tədbir təşkilatçıları ədəbi tədbirlər və xüsusilə də xanım yazarlarla bağlı daha çox diqqətli olmalıdırlar.
Xanım hara, yolüstü kafedə, stalovada və ya bağdakı klubda tədbirə qatıldı hara?
Bu, mənim subyektiv baxışım deyil. Heç dini baxış da deyil. Əslən Cəlilabad şəhərindən olanlar mənim nə demək istədiyimi daha yaxşı bilirlər. Sadəcə Cəlilabad kişilərinin ilk əvvəldən forrmalaşmış çoxdankı baxışıdır. Hər halda hər bir rayonun öz mentaliteti, ictimai davranış qaydaları var və hər birimiz həmin qaydalara sayğı ilə yanaşmağa mükəlləfik. Ümumiyyətlə, xanımlar bir kənara, ədəbiyyat hara, çay-çörək (yemək) süfrəsi hara?!
Ədəbiyyat hara, kafe və stalovada tədbir keçirmək hara?!
Bu arada bəzən ədəbi tədbirlərdə yemək verilməsinin də şahidi oluruq. Halbuki belə tədbirlərdə su və ya yalnız çay-şirniyyat süfrəsinə kifayətlənmək daha uyğundur. Əlbəttə, tədbirdən sonra ayrı bir məkanda açılan ehsan süfrəsi və ikramlar istisnadır.
Heç şübhəsiz ədəbi mühitimizin xanım-xatınları və xüsusilə də gənc xanımları bu məsələyə xüsusi diqqət yetirməli, hər məkanda təşkil edilən tədbirlərə qatılmamalı və bunun səbəbini açıq şəkildə tədbir təşkilatçılarına bildirməlidirlər.
Hər kəs çox gözəl bilir ki, həmin məkanlar adətən xanımlar üçün münasib deyil. Hər tərəfi çayxana, musiqiçilərin əyləşib sifariş gözlədiyi və bir çox hallarda nərd səsindən az qala adamın beyninin silkələndiyi və bəzən də nalayiq sözlərin eşidildiyi bir yerdə ədəbi tədbir keçirmək xanımlara deyil, heç bəylərə də yaraşmır.
Son zamanlar "Tut Bağı" adlanan istirahət məkanında istifadəyə verilmiş gözəl bir məkan da var. Amma ora da ödənişlidir. Üstəlik ədəbi mühitimizin bəzi xanımları bəlli səbəblərə görə imkan daxilində o yerlərə getməməyi üstün tuturlar...
Düşünürəm ki, ədəbiyyatla bağlı tədbirlər ümumi iaşə obyektləri və onların yerləşdiyi ərazilərdə deyil, imkan daxilində Heydər Əliyev Mərkəzi və Kitabxana kimi məkanlarda keçirilməlidir.
Kimsə ucqar kənddən və ya ayrı yerdən gəldiyi üçün Cəlilabadın on illiklər ərzində formalaşmış ictimai və mədəni şəraiti ilə tanış olmaya bilər. Amma ədəbi tədbir keçirmək üçün rayonun ictimai-mədəni şəraitini öyrənmək və bu məsələləri diqqət mərkəzində saxlamaq lazımdır.
Bu gün Heydər Əliyev Mərkəzi ədəbi tədbirlərin keçirilməsî üçün artıq rəsmən ödənişli sistemə keçib və hər zalın tutumuna görə ödəniş qiymətləri də dəyişir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əziz və dəyərli, həm də ziyalı direktoru Qənimət xanım İsrafilova hər dəfə səmimiyyət göstərib tədbirlərin təşkili ilə əlaqədar imkan yaratsa da, mənə çatan məlumatlara görə, Kitabxananın ikinci mərtəbəsində yerləşən təxminən 100 nəfərlik tutumu olan akt zalı Mədəniyyət Nazirliyinin Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi tərəfindən tibb kurslarının təşkili üçün ayrı bir adama müqavilə əsasında icarəyə verilib. Kitabxananın mövcud otaqları balaca, giriş salonu isə ədəbi tədbirlər üçün bir çox hallarda uyğun olmur. Kurs tələbələrinin ardıcıl gediş-gəlişi, səs-küy, qışda istilik, yayda isə sərinlik sisteminin olmaması və s. həmin məkanda keçirilən ədəbi tədbirlərə ciddi maneə törədir.
Mən özüm şəxsən ədəbi tədbirlərin məkanı ilə bağlı indiyədək bir neçə dəfə ayrı-ayrı məsul şəxslər qarşısında məsələ qaldırıb xahiş etmişəm. Hal-hazırda rayonda neçə-neçə istifadəsiz bina və otaqlar mövcud olsa da təəssüflər olsun ki, onlardan heç biri şairlər diyarı və Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabad ədəbi mühitinə rəva görülmədi. Hətta, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Rafiq müəllimlə son görüşümüz zamanı bu xahişi bir daha dilə gətirdim. Lakin bir neçə gündən sonra bu məsələdə adı keçməyən tam ayrı bir adama imza toplamaqla bağlı göstəriş verildi və daha sonra o da nəticəsiz qaldı...


