Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəmil Sadiq:

Rafiq Əliyev həm əsərləri, həm də şəxsiyyəti ilə böyük insandır

Bu gün əziz dostum, böyük şairimiz Rüstəm Behrudi sayəsində dəyərli alimimiz, AMEA-nın müxbir üzvü, dünya şöhrətli elm adamı Rafiq Əliyev ilə görüşmək imkanımız oldu.
Açığı, Rafiq müəllimlə bundan əvvəl yalnız bir neçə tədbirdə üz-üzə gəlmişdik. Elmi fəaliyyəti, ictimai mövqeyi və dünya miqyasındakı uğurları ilə isə əlbəttə ki, yaxından tanış idik. Lakin insanı həqiqətən valeh edən onun böyüklüyündən daha çox sadəliyi, səmimiyyəti və insanlara olan sevgisidir.
Təxminən bir saatdan artıq davam edən söhbətimizdə əsas məqsədimiz Nicadın gələcəkdə süni intellekt sahəsində doktorantura təhsili ilə bağlı ustad məsləhəti almaq idi. Bu niyyətlə getmişdik. Amma görüş boyu əldə etdiyimiz ən böyük qazanc təkcə elmi tövsiyələr olmadı.
Rafiq müəllimin kitablarla əhatələnmiş iş otağı, müdrik düşüncələri, həyata baxışı və insanlarla ünsiyyət tərzi adama xüsusi bir rahatlıq və huzur bəxş edirdi. Onunla Rüstəm müəllim arasındakı dostluq və qarşılıqlı hörmət də ayrıca heyranlıq doğururdu.
Bir daha əmin oldum ki, həqiqətən böyük insanlar sadə olmaqdan çəkinmirlər. Çünki sadəlik onların böyüklüyünün ayrılmaz hissəsidir. Özünü göstərməyə ehtiyac duymayan, əldə etdiklərini nümayiş etdirmədən də hörmət qazanan insanlar məhz belə olur.
Rafiq müəllimin Nicatın gələcək elmi yolu ilə bağlı böyük həvəslə danışması, müxtəlif mütəxəssisləri tövsiyə etməsi, istiqamətlər göstərməsi və gənclərin elmə gələcəyinə bu qədər ürəkdən inanması məni xüsusilə təsirləndirdi. Gələcəyini elmlə qurmaq istəyən gənclərə bu cür qayğı və diqqət göstərmək hər kəsin bacaracağı iş deyil.
Ümid edirəm ki, bu görüş Nicatın gələcək doktorantura yolunda mühüm addımlardan biri olacaq, onun süni intellekt sahəsində aparacağı araşdırmalar həm ölkəmizə, həm elmimizə, həm də bəşəriyyətə fayda verəcək.
Rüstəm müəllimə bu gözəl tanışlığa və dostluğa vasitəçilik etdiyi üçün xüsusi təşəkkür edirəm.
Rafiq müəllimə olan hörmətim isə bu gün daha da artdı. Çünki bəzi insanlar öz əsərləri ilə böyük olurlar, bəziləri isə həm əsərləri, həm də şəxsiyyətləri ilə. Rafiq Əliyev məhz ikinci qəbildən olan insanlardandır.
Belə insanlarla görüşmək, onları dinləmək və onların həyat təcrübəsindən faydalanmaq insan ömrünün ən qiymətli anlarından biridir.
 

 

Best coffeeshop in Berlin