Millətlər Kubokuna qatılan 13 boksçumuzun hamısı medal qazanıb
Serbiyanın Virbas şəhərində 17 yaşlılar (U-17) boksçular arasında keçirilən Millətlər Kuboku Azərbaycan komandası üçün uğurlu olub. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 8 ölkə komandasının iştirak etdiyi turnirdə ölkəmiz 13 boksçu ilə təmsil olunub. Maraqlıdır ki, boksçularımızın hamısı vətənə medalla qayıdıblar.
ABF-dən verilən məlumata görə, boksçularımız 7-si qızıl, 4-ü gümüş və 2-si bürünc əyarlı olmaqla 13 medal qazanıblar.
Qızılları bütün görüşlərini qələbə ilə başa vuran Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsibzadə (52 kq), Əli Abbaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehman Rəsulov (+80 kq) qazanıb. Yalnız həlledici finalda büdrəyən Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq) və Şükür Əliyev (80 kq) gümüş medalla kifayətlənib. Bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Həzrət Məmmədovla (46 kq) Elcan Musazadə (54 kq) əldə edib.
Vəkil Qurbanov həm də turnirin ən yaxşı boksçusu seçilib.
İNTİQAM Məmmədov


