Mahir Süleymanov:
Loren, ümidləri doğrultmalısan!
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətinə cəlb olunmuş oyunçuların siyahısında Lorenzo Mezzotore ad-soyadının da yer alması bir çoxunun marağına səbəb oldu. Biz isə buna heç təəccüblənmədik. Çünki italiyalı Loreni (onu hamı məhz belə çağırırdı) hələ 7-8 yaşı olarkən Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın Ulduzları” paytaxt çempionatından tanıyırıq. Elə o vaxtdan Lorenin oyunu diqqəti cəlb edirdi. Ümumi fikir formalaşmışdı ki, bu əcnəbi uşağı gələcəkdə klublarımız və milli komandalarımız üçün faydalı oyunçu ola bilər.
Bu gün Lorenzonun U-21 yığmamıza cəlb olunması təsdiq edir ki, onun haqqında təsəvvürlərimizdə yanılmamışıq. “Qarabağ” FK-nın Uşaq Futbol Akademiyasında atılan ilk kövrək addımlar sonralar Lorenzonu “Leon-Bakı” FK-ya və “Neftçi” PFK-ya aparmışdır.
Burada Lorenzonun futbolçu kimi yetişməsində və inkişafında çox zəhməti olan məşqçi-müəllim Elvin Həsənovun, eləcə də əməkdar məşqçi İslam Kərimovun adlarını qeyd etmək yerinə düşər.
Ümid edirik ki, hazırda vətəni İtaliyanın “Sampdoriya” Futbol Klubunun üzvü olan Lorenzo U-21-lərimizin heyətində ona göstərilən etimadı doğruldacaq, gözəl qolları ilə azarkeşləri sevindirəcəkdir.


