Tennisçimiz Onur Quluzadə İsveçdə üçüncü olub
Helsinborqda (İsveç) stolüstü tennis üzrə keçirilən və Azərbaycanın gənc tenniscisi Onur Quluzadənin də iştirak etdiyi "WTT Youth Contender" beynəlxalq turnir başa çatıb. Sözügedən turnir gənc və istedadlı tenniscimiz üçün uğurlu olub.
ASTF - dən verilən məlumata görə, qrup mərhələsini lider kimi başa vuran Quluzadə ardından İsrail (1/8 final) və Lüksemburq (1/4 final) təmsilçisini məqlub edərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, tenniscimiz bu mərhələdə üzləşdiyi fransalı rəqibini keçə bilməyib və nəticədə çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
Quluzadə turnirdən sonra elə həmin məkanda Beynəlxalq Stolüstü Tennis Federasiyasının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılıb. Toplanış iyunun 13-də başa çatacaq.
İNTİQAM Məmmədov


