31 may – 3 iyun tarixlərində Bakıda möhtəşəm “Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı keçirilir
Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilən ilk beynəlxalq layihədir. Festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onları böyük səhnəyə çıxarmaq və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir. Bu festival eyni zamanda nəsillərarası yaradıcı davamlılığın və sənət ənənələrinin qorunmasının gözəl nümunəsidir. Tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların da iştirakı ilə keçirilir.
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Kamilla Sədirxanovanın gənc və istedadlı həvəskar, eləcə də peşəkar tələbələrinin iştirakı ilə “Sərhədsiz fortepiano” adlı konsert proqramı təqdim olunub. Həvəskar pianoçulara dəstək məqsədilə K.Sədirxanovanın Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alan şagirdləri də maraqlı ifaları ilə çıxış ediblər. İfaçılar arasında Qazaxıstan, Rusiya və Ukraynanı təmsil edən iştirakçılar da yer alıb.
Konsertin əvvəlində Kamilla Sədirxanova bütün iştirakçılara uğular arzulayıb, bu festivalda yer aldıqlarına görə Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəyə təşəkkürünü bildirib.
Müxtəlif janrları əhatə edən maraqlı repertuar və yüksək ifaçılıq məharəti tamaşaçılara unudulmaz musiqi anları yaşadıb. Konsertin sonunda həm tamaşaçılar, həm də ifaçılar üçün yaddaqalan nömrə təqdim olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Afaq Aşumova və Kamilla Sədirxanova dörd əl üçün yazılmış kompozisiyanın ifası ilə tələbələrini müşayiət ediblər. Konsertin final nömrəsi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Yusifova və Kamilla Sədirxanovanın birlikdə təqdim etdikləri duet olub.
Konsertin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.


