Uşaqlara mərhəmət, qayğı, şəfqət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair və yazıçı-publisist Sevinc Ağa Xəlilqızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi.
Əlamətdar gündə Sevinc Ağa Xəlilqızı Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində inşa edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzini ziyarət edib. Yazıçı xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkərək onlardan öz diqqət və qayğısını əsirgəməyib.
Ziyarət zamanı yazıçı uşaqlarla birlikdə müxtəlif oyunlar oynayıb, həmçinin balacaların arzusu ilə qələmə aldığı, “Bu dünyanın fidanları” ikidilli kitabından şeir, nağıl, təmsil və əfsanələr söyləyib.
Uşaqları “Tanrının səltənəti” adlandıran yazıçı-publisist Sevinc Ağa Xəlilqızı onlara olan sevgisini bu sözlərlə ifadə edib:
“Cənnət qoxulu fidanlar, sizlər o qədər saf, təmiz, büllur kimi qəlbə sahibsiniz ki... Sizinlə hər dəfə ünsiyyətdə olarkən mənən bir daha saflaşıram, qəlbim mərhəmətlə, rəhimlə dolur. Uşaqlarla ünsiyyətdə olduqda kövrəlirəm, gözlərim qeyri-ixtiyari dolur”.
“Uşaqların gülərək alqışlaması mənim ən böyük mükafatım idi”, – deyən yazıçı mərkəzin baş direktoru Kəmalə Talıbovanın və bütün personalın fədakar fəaliyyətini yüksək qiymətləndirib:
“Burada fiziki və əqli qüsurlu uşaqlara mərkəzin bütün kollektivi tərəfindən yüksək səviyyədə baxılır. Mərkəzin direktoru Kəmalə xanımın necə fərqli bir insan, bir şəxsiyyət olduğunu bir daha kəşf etdim. Onun həddindən artıq sadə, səmimi, qayğıkeş, bununla yanaşı, ədalətli, vicdana sahib insan, bir təbib, həkim olduğunu gördüm. Bu missiyanı yalnız ürəyi xeyirxahlıqla döyünən insanlar daşıya bilər! Mərkəzin əməkdaşlarının əməyi, əziyyəti və səbri çox böyükdür. Belə ali xüsusiyyətlərə sahib insanların qarşısında baş əyirəm!”


