Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Naxçıvan Dövlət Universitetinin bu gündən gələcəyə doğru ərmağanı: dayanıqlı turizm və mədəni irs

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi də növbəti Beynəlxalq Konfrans keçirilir. Belə ki, bu gün Birinci Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm konfransı öz işinə başlayıb. Beynəlxalq konfrans, Naxçıvan Dövlət Universitetinin ölkəmizin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə görülən işlərə növbəti töhvəsi olaraq da çox əhəmiyyətli hesab oluna bilər. Belə ki, Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş Birinci Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfrans (ICCHST – Naxçıvan 2026) olaraq çoxistiqamətli sahələr üzrə sahələrin də son dərəcə aktuallığını özündə əks etdirir. 
Beynəlxalq Konfrans, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuşdur.
Beynəlxalq Konfrans, elmi, pedaqoji, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələrin olduqca yüksək əhəmiyyətini özündə tərənnüm etdirməkdədir. Uzun əsrlərə dayanan şəhər mədəniyyətinin, bu sahəyə aid olmaqla, tarixiliklə müasirliyin vəhdətindən ibarət olan idarəetmə keyfiyyətlərinin dayanıqlı əsaslandırılması baxımından daha çox əhəmiyyətliliyə malik olmaqdadır. Müasir dövrdə, daha doğrusu, iqtisadi inkişafın indiki mərhələsində diversifikasiyayönümlü davamlı iqtisadi islahatların həyata keçirilmiş olması, bütün tərəflərinə görə elmin mütərəqqi əsaslandırıcı mexanizmlərini, tədrisin isə bu sahədəki metodlarının nəzərə alınması ilə daha mütərəqqi görünməkdədir. Təbii olaraq, bütün bunlar, keçmişdən gələcəyə uzanan mədəni irsin və milli iqtisadiyyat üçün də actual hesab olunan turizm təsisatlarının yaradılması, inkişafı və perspektivliliyi baxımından da olduqca actual hesab olunmaqdadır.
Bir sözlə, turizm, ölkəmizin milli iqtisadiyyatı, onun regional xüsusiyyətləri və eyni zamanda, infrastruktur təşkilatlanmaları sahəsində olduqca mühüm əhəmiyyətlilik kəsb edir, onun elmi əsaslarının yaradılması sahəsində araşdırmalara yer verir, etibarlı kadr və mütəxəssis hazırlığının həyata keçirilməsini nəzərdə tutur və bu sahədə, universitetlərin rolunu, əhəmiyyətini və perspektivliliyini aktual hesab edir.
Bu mənada, Naxçıvan Dövlət Universitetində reallaşan Beynəlxalq Konfrans, iştirakçıların Duzdağ Müalicə Mərkəzinə gəzinti, Əshabi -Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini isə ziyarətlə başladı və istər mədəni irsin, istərsə də, turizm dəyərlərinin yaşadılması sahəsində mühüm nəticələrinə görə seçildi, daha çox, yeni iqtisadi reallıqların tələblərini, çağırışlarını və aktualıqlarını nəzərdə tutdu.
Beynəlxalq Konfrans, 17 bölmə üzrə keçirilməklə olduqca actual mövzuların elmi dövriyyəyə çıxarılmasına təminat yaratdı:
- Turizm dayanıqlı məşğulluq potensialının hərəkətverici amili olaraq;
- Xarici ölkələrdə olan Azərbaycan abidələrinin beynəlxalq turizmin inkişafında rolu;
- Mədəni irsin qorunmasinda hüquqi tənzimləmə və idarəetmə problemləri;
- Memar Əcəmi Naxçıvanının 900 illiyinə həsr olunmuş memarlıq irsinin təsviri sənətdə bədii təcəssümü;
- Əcəmi memarlığında həndəsi və nəbati ornamentlərin “oxunan mətn” kimi təhlili və turizm narrativinə çevrilməsi;
- Turizmdə dayanıqlılıq və regional iqtisadi inkişaf: Azərbaycan modeli;
- İdman turizminin inkişafına təsir göstərən ziddiyyətlərin sistemli araşdırılması;
- Logistika performansı və turizm inkişafı arasındakı əlaqə: Naxçıvan Muxtar Respublikası üzrə keyfiyyətli panel təhlili və digər mövzular tədqiq olunmuşdur.
Beynəlxalq konfrans çərçivəsində iştirakçıların Duzdağ Müalicə Mərkəzinə gəzintisindən, Əshabi -Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarətdən sonra Ordubad raryonu ərazsinində yerəşən Qeysəriyyə və ya Ordubad zorxanasına gəzintisi təşkil olunmuşdur. Qeyd etmək olar ki, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə XVII əsrin Naxçıvanın Türk-İslam mədəniyyəti abidələrindən biridir.
Ordubada yola düşən iştirakçıların, yol boyunca həm tarixi, həm də iqtisadi əhəmiyyətə malik olan infrastruktur təsisatları ilə, xüsusilə də, karvanlardan ibarət olan əsərləri görməsi çox xoş oldu. 
Bildirmək olar ki, tarixi Böyük İpək Yolunun əsas qollarından biri məhz Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən keçirdi. Bu mənada, tarixi Azərbaycan ərazisi olaraq, Naxçıvan, qədim dövrlərdə Şərqlə Qərbi birləşdirən, sosial və iqtisadi üstünlüklərinə, perspektivlərinə və əhəmiyyətinə görə mühüm ticarət və karvan məntəqələrindən biri olmuşdur.
Xüsusilə, burada, Naxçıvan şəhəri, Culfa və Ordubad kimi bölgələr İpək Yolunun fəal təminatçıları olaraq, əsasən, karvan yollarının üzərində yerləşmiş olurdu. Buna görə də, ərazinin uzunmüddətli perspektivlərinə görə, burada:
- güclü potensiala malik olan ticarət inkişaf etmiş;
- karvansaralar tikilmiş;
- ictimai əmək bölgüsünün dərinləşməsi ilə, sənətkarlıq və ipəkçilik yayılmış və olduqca inkişaf etmişdi.
Araşdırmalar zamanı aydın olur ki, Çin və Orta Asiyadan gələn yüklər, mallar və ticarət əmtəələri məhz İran və Cənubi Qafqaz vasitəsilə Anadolu və Avropaya daşınırdı ki, burada da, Naxçıvan Muxtar Respublikasının ərazisi mühüm keçid və körpü rolunu oynayırdı.
Xüsusilə də, İşğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı quruculuq, yenidənqurma və bərpa işlərinin tamamlanması ilə bu tarixi yol daha faydalı, daha səmərəli, daha perspektivli olacaq. Yəni yeni iqtisadi reallıqların nəticəsi olaraq, Zəngəzur dəhlizinin istismara verilməsi il ölkəmiz daha yeni təşəbbüslərin müəllifi olaraq region və dünya miqyaslı nailiyyətlərə imza atmış olacaq.
Məhz Ordubad yolunda karvanlardan ibarət olan bu əsərlərin yaradılması ölkəmizin qarşıdakı uzunmüddətli uğurları üçün məqsədyönlü tədbirlərin ifadə forması olaraq çox könüloxşardır.
Onu qeyd etmək olar ki, müasir dövrdə mədəni irsin yaşadılması və dayanıqlı turizm sahəsində universitetlərin rolu, təsiri və əhəmiyyəti daha yüksəlməkdədir. Ümumiyyətlə, indiki mərhələdə, turizm hətta, dünya iqtisadiyyatının olduqca sürətlə inkişaf edən istiqamətlərindən biri hesab olunur. Turizm bölməsi bir çox ölkələrdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, regional inkişafın təmin olunması, mədəni irsin mühafizə olunması və valyuta gəlirlərinin həcminin artırılması baxımından olduqca zəruri əhəmiyyətə malik olur. Ancaq bütün bunlarla yanaşı, turizmin sürətli inkişafı ilə birlikdə, ətraf mühitə təsirlər, təbii ehtiyatların həddindən artıq istifadə olunması, yerli mədəniyyətlərin deqradasiyası və sosial problemlər kimi bir sıra çağırışlar da özünü göstərmişdir. Bütün bunlara görə də, dayanıqlı turizm anlayışı təşəkkül tapmış və turizmin iqtisadi, sosial və ekoloji tarazlıq müxanizmləri əsasında inkişaf etdirilməsi əsas məqsədə çevrilmişdir. Dayanıqlı turizmin həyata keçirilməsində dövlət qurumları, özəl bölmə, yerli icmalar və beynəlxalq təşkilatlarla birlikdə, universitetlər də zəruri rola malik olurlar. Universitetlər elm, təhsil və innovasiya mərkəzləri olaraq dayanıqlı turizm strategiyalarının təşviq olunması proseslərində və uzunmüddətli inkişafında aparıcı mövqeyə malikdirlər.
Universitetlərin dayanıqlı turizm sahəsində əsas funksiyalarından biri yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Turizm bölməsində fəaliyyət göstərən mütəxəssislərin dayanıqlı inkişaf prinsiplərinə yiyələnmiş olması və onları təcrübədə tətbiq etməsi böyük əhəmiyyət kəsb edir. Universitetlər turizm, qonaqpərvərlik və mədəni irslə bağlı olan ixtisasları üzrə tədris proqramlarına dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat, ekoloji menecment, məsuliyyətli turizm və mədəni irsin qorunması ilə bağlı fənləri daxil etməklə gələcək mütəxəssislərin bilik və bacarıqlarını formalaşdırırlar. Belə təhsil yanaşması tələbələrin yalnız iqtisadi gəlirlərə deyil, eyni zamanda sosial məsuliyyət və ekoloji tarazlıq prinsiplərinə əsaslanan qərarlar qəbul etmələrinə şərait yaradır.
Universitetlərin digər mühüm funksiyası elmi tədqiqatların aparılmasıdır. Dayanıqlı turizmin inkişafı üçün mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli yollarının araşdırılması vacibdir. Universitetlər tərəfindən aparılan tədqiqatlar turizm fəaliyyətinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, turizm resurslarının səmərəli istifadəsi, turist davranışlarının öyrənilməsi və yeni idarəetmə modellərinin hazırlanması istiqamətlərində mühüm nəticələr verir. Elmi araşdırmalar dövlət qurumlarına və turizm müəssisələrinə əsaslandırılmış qərarlar qəbul etmək üçün zəruri məlumat bazası təqdim edir. Bununla yanaşı, universitetlər beynəlxalq elmi layihələrdə iştirak etməklə qlobal təcrübələrin öyrənilməsinə və onların yerli şəraitə uyğunlaşdırılmasına da töhfə verirlər.
Dayanıqlı turizmin təşviqində universitetlərin maarifləndirici rolu da xüsusi qeyd olunmalıdır. Universitetlər yalnız tələbələr üçün deyil, həm də cəmiyyət üçün bilik və informasiya mənbəyi kimi çıxış edirlər. Müxtəlif seminarlar, konfranslar, forumlar və ictimai tədbirlər vasitəsilə dayanıqlı turizmin əhəmiyyəti barədə məlumatların yayılması həyata keçirilir. Bu tədbirlər nəticəsində əhali arasında ekoloji məsuliyyət, mədəni irsin qorunması və turizm resurslarından səmərəli istifadə ilə bağlı düşüncə formalaşır. Beləliklə, universitetlər cəmiyyətin dayanıqlı inkişaf məqsədlərinə uyğun şəkildə maariflənməsinə və davranışlarının dəyişməsinə müsbət təsir göstərirlər.
Universitetlər dayanıqlı turizm sahəsində innovasiyaların yaradılması və tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyırlar. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı turizm sektorunda yeni imkanlar yaratmışdır. Süni intellekt, böyük verilənlər bazası, coğrafi informasiya sistemləri və rəqəmsal marketinq alətləri dayanıqlı turizmin idarə olunmasında geniş istifadə olunur. Universitetlər bu texnologiyaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsi istiqamətində tədqiqatlar apararaq turizm müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkilinə kömək edirlər. Bunun nəticəsində resurslardan istifadənin optimallaşdırılması, turist axınının düzgün idarə olunması və ətraf mühitə mənfi təsirlərin azaldılması mümkün olur.
Universitetlərin yerli təsərrüfatlarla əməkdaşlığı da dayanıqlı turizmin inkişafında mühüm rol oynayır. Dayanıqlı turizmin əsas prinsiplərindən biri yerli əhalinin inkişaf proseslərinə cəlb olunmasıdır. Universitetlər müxtəlif sosial layihələr vasitəsilə yerli icmaların turizm fəaliyyətində iştirakını təşviq edir, onların bacarıqlarının artırılmasına dəstək göstərirlər. Xüsusilə kənd turizmi, ekoturizm və aqroturizm sahələrində universitetlərin həyata keçirdiyi layihələr regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Bu əməkdaşlıq nəticəsində yerli əhali yeni gəlir mənbələri əldə edir, regionların turizm potensialı daha səmərəli istifadə olunur və mədəni dəyərlərin qorunması təmin olunur.
Mədəni irsin qorunması istiqamətində universitetlərin fəaliyyəti də dayanıqlı turizmin vacib elementlərindən biridir. Tarixi abidələr, arxeoloji ərazilər, etnoqrafik dəyərlər və qeyri-maddi mədəni irs turizmin əsas resursları hesab edilir. Universitetlər tərəfindən aparılan elmi araşdırmalar, inventarlaşdırma işləri və konservasiya layihələri mədəni irsin gələcək nəsillərə ötürülməsinə şərait yaradır. Bununla yanaşı, tələbələrin və yerli əhalinin mədəni irsin əhəmiyyəti barədə maarifləndirilməsi həmin obyektlərin qorunmasına və onların turizm məqsədilə davamlı istifadəsinə kömək edir.
Beləliklə, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr, ev sahibliyi ilə reallaşmış olan elmi və pedaqoji tədbirlər, milli iqtisadi quruculuq proseslərinin, uzunmüddətli iqtisadi prioritetlərin və davamlı iqtisadi islahatların nəticələrinin daha səmərəli, daha məhsuldar və daha perspektvli olmasına təminat yaratmışdır. Bütün bunlar, təbii olaraq, ölkəmizin elm və tədris prosesləri üçün daha mütərəqqi reallıqların əlçatan olmasını sürətləndirmiş olacaq.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Best coffeeshop in Berlin