Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Quba filialında I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bir əsrlik Türkoloji irsdən türk dünyasının elmi-mədəni birliyinə” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Hibrid formada keçirilən konfransda Azərbaycan, Özbəkistan və Qırğızıstanın ali təhsil və elm müəssisələrinin nümayəndələri, alimlər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev I Türkoloji Qurultayın türk dünyasının elmi, mədəni və mənəvi birliyi baxımından mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq, 1926-cı ildə Bakıda keçirilmiş bu tarixi qurultay türk xalqlarının ortaq sivilizasiya məkanında inteqrasiyasının fundamental əsasını qoymuş, əlifba islahatından tutun ortaq terminologiyanın yaradılmasına qədər geniş bir hərəkata təkan verdiyini qeyd edib. Direktor bu mötəbər tədbirin ideyaları bu gün də öz aktuallığını tam qoruduğunu və müasir Türk Dövlətləri Təşkilatının humanitar hədəfləri ilə birbaşa səsləşdiyini diqqətə çatdırıb. 

Konfransda Asiya Texnologiyalar Universitetinin rektoru iqtisadiyyat üzrə fəlsəfə doktoru Loçin Raxmonov, Asiya Texnologiyalar universitetin icraçı rektoru dosent Elyor İbrahimov, universitetin Elm və innovativ tədqiqatlar departamentinin rəhbəri dosent Uktamjon Abdullayev, Asiya Texnologiyalar Universitetinin rektor müşaviri, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, T. Ermatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutunun professoru Ayıpbek Kambarov, filialın Humanitar və təbiət elmləri fakültəsinin dekanı, v.m.i.e. Nübar Bayramova, Fərqanə Dövlət Universitetinin dosenti Müqəddəm Ehsanova, ADPU-nun Quba filialının İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov, Filologiya kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Eyvaz Şeydayev çıxış edərək, türkoloji elmin inkişafı, ortaq elmi platformaların formalaşdırılması, beynəlxalq akademik əməkdaşlıq və türk xalqları arasında elmi-mədəni inteqrasiyanın perspektivləri barədə fikirlərini bölüşüblər.

Quba filialının Filologiya kafedrasının baş müəllimi Rahib Sədullayev Türk Akademiyasının prezidenti professor Şahin Mustafayevin I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans iştirakçılarına ünvanladığı rəsmi müraciəti ingilis və azərbaycan dilində səsləndirib. Müraciətdə Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi yaddaşında xüsusi yer tutduğu, türk dünyasının inteqrasiyası və humanitar əməkdaşlığının inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Konfransın yekununda Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyalar Universiteti arasında ikitərəfli strateji tərəfdaşlığı rəsmiləşdirən mühüm əməkdaşlıq memorandumu imzalanıb. Memorandum ali təhsil müəssisələri arasında ortaq elmi-tədqiqat laboratoriyalarının qurulması, birgə beynəlxalq qrant layihələrinin həyata keçirilməsi və elmi tapıntıların qarşılıqlı dövriyyəsi, akademik mübadilə proqramları (Erasmus və digər regional modellər əsasında): Müəllim-tələbə heyətinin intensiv mübadiləsinin təşkili, tələbələrin hər iki universitetdə semestr fəaliyyətlərinin akkreditasiyası və gələcəkdə ikili diplom proqramlarının infrastrukturunun hazırlanması, rəqəmsal və distant inteqrasiya: ortaq onlayn mühazirələrin, beynəlxalq vebinarların və hibrid elmi konfransların davamlı şəkildə təşkil edilməsi, türk xalqlarının tarixi, dil və ədəbi irsinin müasir metodologiya ilə araşdırılması məqsədilə birgə monoqrafiyaların və dərsliklərin nəşr edilməsi kimi məsələləri özündə əks etdirir.

Best coffeeshop in Berlin