Banqladeş pasportlardakı "İsrail istisna olmaqla" bəndini bərpa edir
Banqladeş hakimiyyəti İsrailə girişi etibarsız edən bəndi pasportlarında bərpa etmək niyyətindədir.
"The Daily Star" qəzeti Daxili İşlər Nazirliyinin İmmiqrasiya və Pasportlar Departamentinin rəhbərinin bu barədə məlumat verdiyini bildirib.
Müstəqillikdən 2020-ci ilə qədər Banqladeş pasportlarında "Bu pasport İsrail istisna olmaqla, bütün ölkələr üçün keçərlidir" ifadəsi var idi.
Departament rəhbəri Nurul Ənvərin sözlərinə görə, təşəbbüs artıq Daxili İşlər Nazirliyindən təsdiq alıb və indi Baş nazir Tariq Rəhmana göndəriləcək.
"Qərar daha yüksək səviyyədə qəbul edilib. Artıq diplomatik pasportlar üçün qüvvəyə minib", - Ənvər nəşrə bildirib.
Qəzetin mənbələrinə görə, təşəbbüs ötən yazdan bəri müzakirə olunur, lakin dəyişikliklər ölkə vətəndaşlarının adi pasportları üçün hələ tətbiq edilməyib.


