18 may Beynəlxalq Muzeylər Günüdür
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Bölünmüş dünyanı muzeylər birləşdirir” şüarı altında qeyd olunur.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram ölkəmizdə də geniş miqyasda qeyd edilir.
Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə - 1920-ci ildə təməli qoyulmuş ilk milli muzey Azərbaycan Dövlət Muzeyi (Milli Azərbaycan Tarixi Muzeyi) olmuşdur.
Xatırladaq ki, dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Sonda onu da qeyd edək ki, hər il ənənəvi olaraq qeyd olunan 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdəki muzeylərdə "Açıq qapı" aksiyası keçirilir. Həmin gün Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün muzeylərdə ziyarətçilər üçün giriş tamamilə ödənişsizdir.


