Masallıda yeni idman zonası açılacaq
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, əhalinin sağlam həyat tərzinin təşviqi məqsədilə ölkənin müxtəlif bölgələrində “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları yaradılır. Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihə üzrə Masallı şəhərində inşa olunan idman zonasına baxış keçirilib.
Mayın 12-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Masallı sektorunun müdiri Sabiq Cahangirov, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Elşən Abıyev və aidiyyəti qurumların əməkdaşları ərazidə görülən işlərlə tanış olublar.
Bildirilib ki, şəhər ərazisində salınan “Sağlam məhəllə” idman zonasında tikinti işləri yekunlaşmaq üzrədir. Məkanın növbəti aydan etibarən şəhər sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulur.
Yeni idman zonasında açıq havada müxtəlif idman fəaliyyətləri üçün əlverişli şərait yaradılacaq. Sakinlər burada minifutbol, basketbol, stolüstü tennis və şahmatla məşğul ola, həmçinin quraşdırılan trenajor avadanlıqlarından istifadə edə biləcəklər.
Qeyd edək ki, regionda ilk “Sağlam məhəllə” layihəsi 2023-cü ildə Lənkəran şəhərində istifadəyə verilib.
Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını təşviq etmək və sağlam həyat tərzini dəstəkləməkdir.
Akif AĞAYEV


