WUF13-ə hazırlıq məqsədilə Bakıda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
13 may tarixində Bakıda 17-22 may 2026-cı il tarixlərində Azərbaycan paytaxtında keçiriləcək Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına hazırlıq məqsədilə daha bir yol hərəkəti monitorinqi keçiriləcək.
WUF13 Əməliyyat Şirkətindən verilən məlumata görə, beynəlxalq forum zamanı yol hərəkətinin təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək üçün monitorinq müvafiq qurumlarla birgə təşkil olunur.
Bununla əlaqədar olaraq, 13 may tarixində saat 10:00-dan 14:00-dək Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq tənzimlənəcək.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospektinin Sabunçu körpüsünə qədər olan hissəsini, Mehdi Hüseyn küçəsini, Xocalı prospektini, Riçard Zorge küçəsini, Zərifə Əliyeva küçəsini, Lermontov küçəsini, eləcə də forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu istiqamətindəki yolları əhatə edəcək.
Sürücülərdən və digər yol istifadəçilərindən marşrutlarını əvvəlcədən planlaşdırmaları, potensial tıxacları nəzərə almaları və mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobusu adi qaydada fəaliyyətini davam etdirəcək. Şəxsi avtomobillər və taksilər də alternativ marşrutlarla hava limanına daxil ola və çıxa biləcəklər.
WUF13 Əməliyyat Şirkəti vurğulayıb ki, son on ildə Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlərə hazırlıq məqsədilə oxşar monitorinqlər dəfələrlə istifadə olunub və effektivliyini sübut edib.


