Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kərim Kərimli:

Şuşaya həsr olunan “Salam, Şuşam” və “Azad Şuşaya” şeirləri

Bu gün - 8 may günü tarixə Şuşanın işğalı günü kimi yazılıb. 
Bu gündən 28 il 6 ay sonra Şuşa işğaldan azad olundu. 
Həmin gün - 8 noyabr günü də tarixə Şuşanın işğaldan azad olunması günü kimi yazıldı.
Təqdim etdiyim şeirlərdən biri Şuşanın işğalından, ikincisi isə azadlığından sonra yazılıb...
SALAM, ŞUŞAM!
Salam, Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin.
Sürtüm üz-gözümü “sürünçək” daşlarına,
Açım qollarımı gur sel yağışlarına,
Küləklərin oxşasın pərişan tellərimi,
Haraylayım, haylayım didərgin ellərimi.
Salam, Şuşam, mənim şəhdim, şəkərim!
Salam, Şuşam, mənim şəhid şəhərim!


Salam, Şuşam!
Oğulları qırılmış, kişiləri vurulmuş,
Od içində boğulmuş, qan içində yuyulmuş,
Buludları doluxmuş, çiçəkləri soluxmuş,
Körpələri qocalmış, qocaları yorulmuş,
Qananı “nadan” olmuş, nadanı “qanan” olmuş
Üfüqləri qaralmış, adamları saralmış,
Salam, Şuşam, tale ülkərim, salam!
Var ikən yox olan şəhərim, salam.


Salam Şuşam!
Xanimanı dağılmış, oy… yurdu yağmalanmış.
Sarayları sökülmüş, var-dövləti talanmış,
Min illik xəzinəsi tonqallara qalanmış,
Min cür böhtan, yalanla günahsız damğalanmış,
Uğrunda övlad qanı sellənmiş, laxtalanmış,
Ramizini itirmiş, çalın-çarpaz dağlanmış,
Salam, Şuşam, unudulmuş şəhərim!
Haqqına daş basılmış susdurulmuş şəhərim!


Salam, Şuşam!
Keçəydim yollarından elə payi-piyada,
İçəydim sularından min ləzzət dada-dada.
Qucaydım dağlarının başında buludları,
Görəydim mən ölməmiş o doğmaca yurdları.
Topa-topa daşlara lopa-lopa qar yağa,
Xizəkli körpələrin şütüsünlər sol-sağa.
Qarqar daşsın yaz ağzı, sellər, sular hayqırsın,
Şimşəklərin kişnəsin, qartalların qıy vursun.
Salam, Şuşam, basılmış basılmazım!
Gözgörəti satılmış basılmazım!


Salam, Şuşam!
Salam, Şuşam, siyasətin qurbanı!
Aman! Şuşam-xəyanətin qurbanı!?
Şuşasız bu ölkə Vətən deyilmiş,
Sənə bu dünya da heç tən deyilmiş,
Gələcəm qoynuna dizlərim üstdə,
Ölsəm, Xarıbülbül məzarım üstdə,
Qalsam, bir daş kimi yonsunlar məni,
Uçuq divarına qoysunlar məni.


Salam Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin… 


1993,
Bakı.
AZAD ŞUŞAYA


Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!


Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün cahan barınmış…


Şəhidlərin qanından lalələrin güc almış,
Xarıbülbül, adınla, şöhrətinlə ucalmış…


İbrahimin qılıncı, Pənah xanın taxtısan,
Bu gün artıq ölkəmin mədəni paytaxtısan!


Musiqinin beşiyi, sözün, səsin yurdusan,
Yalın əllə döyüşən ölümbilməz ordusan!


Eşqinin ünvanısan mədəni insanlığın,
İstedadın beşiyi, mədəni – insanlığın!..


Bayrağım əllərində sən ucaldın göylərə,
Bayrağımı birinci sən ucaltdın göylərə.


Dünya sənə heyrandır – papağı başdan düşür,
Dirisi at belindən, ölüsü daşdan düşür…


Başı dumanlı yurdum, duman üstə var Günəş,
Sənə arx-dayaqdır ulu Qırxqız, Ərgünəş!


Əsgər kimi döyüşdü torpağın da daşın da,
Qartalları düzürdü səmaya qardaşın da…


Qoy zəfərin əbədi, Zəfər yolun düz olsun,
Göz dikənin qazancı qoy quruca söz olsun!


Daim ayıq olsan da, qoy bu döyüş son olsun!
Sülh donun göy-qırmızı, ağ-yaşıl bir don olsun!


Əbədiyyət məskəni, ey əziz yurdum Şuşa!
Qəhrəmanlar diyarı, igidim, mərdim Şuşa!


Qəhrəman övladların sən ey şanlı Vətəni,
Qəlbi məhəbbət dolu, gözü qanlı Vətəni!


Bundan sonra əbədi azad yaşa, hürr yaşa!
Cah-calal, çal-çağırlı, şaqraq yaşa, gur yaşa!


Kərimin də şeiri sənə ərməğan olsun,
İstəyi yalnız budur: şəninə şayan olsun!!!


2021,
Bakı

Best coffeeshop in Berlin