Masallıda məktəblilər üçün maarifləndirici tədbir
Masallı rayonunun Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbində müəllim, valideyn və şagirdlərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Tədbir yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, eləcə də erkən nikah hallarının qarşısının alınması məqsədi daşıyıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Abbas Abbaszadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun müdiri Elman Rzayev və Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov çıxışlarında gənclər arasında narkomanlığın qarşısının alınması, şagirdlərin məktəbə qadağan olunmuş əşyalar gətirməməsi və yetkinlik yaşına çatmayanların törətdiyi hüquqpozmalara görə hüquqi məsuliyyət məsələləri barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, məişət zorakılığı, erkən nikah, cinsi və əmək istismarı kimi halların qarşısının alınması istiqamətində maarifləndirici tövsiyələr səsləndirilib.
Şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları barədə də məlumat təqdim olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV


