Kərkükdə bir oğul vardı...
Uzun illərin mübarizəsindən sonra bu yaxınlarda İraqda Kərkük mahalının valisinin türkmanlar arasından seçilməsi ilə bağlı qərar qəbul edilibdir. Bu mahalda ərəblər və kürdlər də yaşasalar da əhalinin çox hissəsi türkmanlardır. İraq mediasının məlumatına görə İraq Türkmən Cəbhəsinin sədri Mehmet Seman Ağa Kərkük valisi seçilibdir. O, Kərkük vilayət Şurasındakı 14 üzvdən 12-nin səsini toplayıbdır. Bu, 102 ildən sonra ilk dəfə Kərkükün türkman soylu bir şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilir. Və İraq türkmanları bunu böyük sevinclə qeyd ediblər. Zira I Dünya Davasından sonra 1924-cü ildə Osmanlı dövləti çökdükdə onun vilayətləri müstəmləkəçi dövlətlər tərəfindən tutulsa da mənsub olduqları tarixi adları ilə inzibati ərazilərə bölünmüşdü. İraqda bir neçə türkman mahalı, şəhər və kəndləri vardı ki, onların ən böyüyü və tanınmışı qədim Kərkük, Təlafər, Mosul, Tuzxurmatu, Ərbil və s. idi. İraq türkmanlarının çoxunun əcdadları Qərbdən gələn səlibçilərin hücumlarına qarşı Türküstandan bura köçürülmüş Bayat tayfalarından idilər...
Əslində mən özüm də, Qarabağ elinin çoxu o dönəmlərdə köçürülən Bayat tayfalarının törəmələrindənik. Mənim doğulduğum kənd Balyat adlanır. Amma xam xəyalla uzaqlara baxan hay-ermənilər gözəgörünməz əməlləri ilə sözün ortasına “n” hərfini artırıb, bu toponimi “Balyand” kimi rəsmiləşdirmişdilər. Əhali Balyat, rəsmilər Balyand deyirdilər. Və bu da hazırlanan sonuncu Qarabağ davası üçün cızılan xəritənin bir yaşayış məskəninin kağız üzərində erməniləşdirilməsi idi. Nəsil şəcərəmizi çözələyə bilsək, bəlkə də XIV-XV əsrlərdə bizim babalarımız qardaş çıxacaqlar. Mən bunu Almatıda Sovet Ordusunun dilmanc zabiti kimi qulluq edərkən tanış olduğum İraq Ordusunun hərbi kursantı Məhəmmədəli Bayata deyəndə gülmüşdü:
-Elə mən də bunu fikirləşirdim. Yoxsa bu qədər oxşarlıq, doğmalıq ola bilməzdi. Füzuli öz məşhur əsərlərini İraqda yazmamışdırmı?
Almatıda, bu əski Türküstan torpağında İraq türkmanlarıyla mənim tanışlığım çox qəribə, romantikcəsinə olmuşdu...
Bilmirəm, o, məndən başqa daha kimlərin yaddaşında əbədi yazılıb qalmışdır... O zamankı dost - tanışlarından neçəsi onu xatırlayır... Senari yazanı, quruluş verəni, çəkəni və tək tamaşaçısı da özüm olduğum, gah anbaan, saatbasaat, gah da günbəgün, aybaay yaddaşımda yazılıb çəkilən “Yaşam” filmimə hər baxanda o, bütün varlığı ilə gözlərim önündə canlanır.
Biz 1968-ci ildə Almatı şəhərində xarici hərbi mütəxəssislərin hazırlandığı hərbi mərkəzdə tanış olmuşduq: mən Sovet zabiti, o, İraq ordusunun kursantı uniformasında...Bu mərkəzdə o, “MİQ” və “Su” qırıcılarında uçacaq təyyarəçi kimi hazırlanırdı.
Yuxarıda göstərdiyim kimi, mən bizim indiki BDU-nun Şərqşünaslıq fakultəsini bitirdikdən sonra tərcüməçi kimi hərbi xidmətə çağırıldıqda bəxtim gətirmişdi, çöl-biyabanda – ancaq hərbçilərin yaşadığı qəsəbəyə yox, Almatı kimi bir şəhərə göndərilmişdim. Bir az romantik, bir az realist olan 23 yaşlı gənc, ölkəsindən uzaq fərqli bir atmosferə düşmüşdü. Dünyanın bir çox ölkələrində dilmanc işləmiş, üzləri üz görmüş zabitlərin içərisində ən gənc leytenant mən idim, onlar hamısı mənə yad idi. Tək doğma olan torpaq idi, əski Türküstan torpağı, ulu babalarımızın qoyub getdiyi eyni yer adları, bulaq, çay, dağ-təpə adları idi.
Bir səhər belə düşüncələr içində tədris korpusunun dəhlizində bizim dildə zarafatla deyilən kobud söz eşitdim. Arxaya baxdım, dörd-beş İraqlı kursant danışa-danışa dərs otağına girirdi. Doğrudur, ərəb dilinin İraq ləhcəsində bizim dildən keçmə sözlər işlədilirdi. Lakin tərkibində “ö” və “ü” səsləri olan sözləri ərəb belə düzgün tələffüz edə bilməzdi. Məsələn, İraq ərəblərinin ləhcəsinə keçmiş bizim “çöl” sözünü ərəblər “çol” deyə tələffüz edirdilər. İkinci dəfə üç gəncin türkcə danışığını eşitdikdə, yaxınlaşıb Kərkükdənmi olduqlarını soruşdum. Ərəbcə “yox” cavabını verdilər. Pərt oldum. Düşündüm ki, yəqin özümə qapıldığım üçün qulağım səsə düşübdür. Uzun müddət qəriblikdə yaşayanlar bunu bilirlər. Əlcəzair Universitetində oxuyarkən bir dəfə küçədə qulağıma bizim sözlər gəlmişdi, iki nəfərin arxasınca düşüb kimliklərini soruşmuşdum, fars olduqlarını demişdilər...
Bir neçə gün sonra isə hər şey aydın oldu. Həmin gənclərdən biri mənə yaxınlaşıb soruşdu:
- Siz Azərbaycan türküsünüzmü?
- Bəli, - sevincək cavab verdim.
- Mən Kərkük türkmanıyam, adım Məhəmmədəli Bayatdır. Bağışlayın, biz sizi erməni sanmışdıq.
İkimiz də güldük.
- Bəyəm mən erməniyə oxşayıram ?
- Bilirsiniz, biz Frunzədə (Bişkek-red.) rus dili kursunda oxuyarkən, bir kapitan Bakılı olduğunu demişdi, sizin ləhcədə danışırdı. Ona təzəcə ürək qızdırmağa başlamışdıq, bizə kələk gəldi, məlum oldu ki, ermənidir.
Bir-birimizə tez isinişdik. Bir axşam onun otağında görüşməyə qərar verdik. Otaq yoldaşı da Kərküklü idi: Fuad Tərzi.
“Biz üç nəfərik” deyən Məhəmmədəli qonşu otaqdan Mahmud adlı həmyerlisini də gətirdi. Mən sevincdən vəcdə gəldim:
- Siz nə yaxşı dilinizi qoruyub saxlamısınız.
- Bizdə hamının əzbər bildiyi bir bayatı var: - Məhəmmədəli dövlət himnini söyləyəcəkmiş kimi ciddi görkəm aldı:
Qanaraya,
Qan axar qanaraya
Mən bu dildən vaz keçməm,
Asılsam da qanaraya.
Etiraf edim ki, “qanara” sözünü fəhmlə anladım, amma tam mənasını bilmirdim. Bunu duyan Məhəmmədəli bizdə arxaikləşmiş bu sözü mənə anlatdı: qanara qəssabların kəsdikləri heyvanı soymaq, cəmdəyini asmaq üçün işlətdikləri xüsusi qarmağa deyirlər. İllər sonra kəndimizdə heyvandarlıqla məşğul olan dayımızdan bu sözün mənasını soruşduqda, eynilə izah etdi.
Bizim söhbətlərimiz ilk öncələr ədəbiyyat, dil, tarix və müsiqidən başladı, bir-birimizi yaxşı tanıyıb ürək qızdırdıqdan sonra siyasətə, milli məsələyə keçdik. Çin Səddindən, Sibirdən Balkanlarədək uzanan torpaqların əzəli sakinlərinin necə pərə-pərən olub əsarətə düşməsindən, sıxışdırılmasından, XX yüzilliyədək bir-birinin yazılı ədbiyyatını oxuyub başa düşən türk xalqlarının indi bir-birilərini anlamadıqlarından, Yunanıstan və Bolqarıstanda türklərin durumunun dözülməzliyindən danışırdıq. Əslində bu ölkələrdəki türklərin durumundan Məhəmmədəli daha çox məlumatlı idi. O, Türküstanı görməkdən özünü xoşbəxt sanırdı. Altayı, Qafqazı gəzməyi arzulayırdı. Qırğızıstanda olarkən paytaxtdan çıxmaq qadağasına baxmayaraq risk edib bir istirahət günü Bakıya uçub qayıtmışdı. O zamanlar oradan birbaşa Bakıya təyyarələr uçurdu. Mən 21-22 yaşlı gənc təyyarəçinin hədsiz millətsevərliyinə, siyasətdən, tarixdən, ədəbiyyatdan, dilçilikdən yetərincə məlumatlı olmasına heyran idim. Ən başlıcası başqa ölkələrdə doğulmağımıza baxmayaraq bir-birimizi təkcə dil baxımından deyil, ruhən yaxşı anlayırdıq, eyni cür düşünürdük. Sanki o, İraqda deyil, mənimlə eyni bölgədə doğulmuşdu, bir məkanda tərbiyə alıb oxumuşduq. Bu ruhi yaxınlığı çox sonralar anladım: mənim əcdadlarımın kökü Şahsevən və Bayat tayfalarına gedib çıxırdı... O Bayat tayfaları ki, XIV-XV yüzilliklərdə Türküstandan qərbə və cənub-qərbə - Azərbaycana, Anadoluya, İrana və İraqa yayılmışdı. Çox təəssüf ki, bunu ona deyə bilmədim ki, bəlkə bizim Bayat soylu ulu əcdadlarımız bir ata-anadan törəmişlər?... Yoxsa bu dərəcədə düşüncə, ruh yaxınlığı olmazdı... Bu doğmalığı orada xəstələnərkən bir daha hiss elədim... Bərk soyuqlamışdım. Amma işləməyə məcbur idim, auditoriyada məni əvəz edəcək tərcüməçi yox idi. Qırx dərəcə istiliklə hərbi hissədəki tibb məntəqəsinə apardılar, bir həftə yatdım. Mənim gündə oturub durduğum, yeyib-içdiyim rus zabit yoldaşlarım heç maraqlanmadılar. Amma lazaretdəki özbək həkim və Məhəmmədəligil tez-tez mənə baş çəkirdilər. Yox, mən şovinist millətçi deyildim, hər millətin içində yaxşısı da, pisi də vardır. Zabit yoldaşlarım özləri özlərinə də belə laqeydlik göstərirdilər.
Mən İraqda yaşayan türkmanlar haqqında çox bilmək istəyirdim. Gediş-gəlişin çox məhdud olduğu o dönəmlərdə Füzuli yurdu, daha qədimlərə getsək Şumerlərin, prototürklərin, Az ərlərinin Anadoludan, Qafqazdan, Xəzərdən güneyə köç edərək ilk sivilizasiyanı yaratdıqları Beynənnəhreyn (İkiçayarası) ölkəsi haqqında məlumatımız çox az idi. 60-cı illərdə İraqdan gəlmiş Sinan Səidin Tamilla Məmmədzadə ilə oxuduğu “Kərkük mahnıları”, böyük şairimiz Rəsul Rzanın Kərkük bayatıları haqqında yazdıqlarından və mətbuatda ara-sıra dərc olunan Kərkük bayatılarından başqa bir şey bilmirdim. Məhəmmədəli İraqda türkmanların Kərküklə yanaşı Altınkörpü, Təl Afər şəhərlərinin, digər qəsəbə və köylərin də olduğunu deyirdi:
- Bizim durumumuz ürəkaçan deyil. Sayca İraqda üçüncü xalqıq. Qüzeydən kürdlərin, güneydən ərəblərin basqısı altındayıq. Bəəs partiyası (1948-ci ildə yaradılmışdır – F.G.) hakimiyyətə gələndən sonra azlıqlara basqılar artıbdır. Bəəsçilərin bir şüarı var: “ müsəlman olmayan bir ərəb, bizim üçün min qeyri-ərəb müsəlmandan dəyərlidir ”. Yəni İraq vətəndaşı olan min türkman, kürd bəəsçilər üçün bir xristian ərəbə bərabərdir. Bilirsənmi, Bəəs partiyasının ideya müəlliflərinin arasında xristianlar da vardır.
- Birinin adını eşitmişəm: Mişel Aflaq.
- Elədir ki, var. Bizimlə müqayisədə xristian ərəblərə dövlət idarələrində geniş yer verirlər.
Qoy versinlər, amma bizi sıxmasınlar. Türkman şəhərlərini, qəsəbə və kəndlərini abadlaşdırmırlar ki, tarixi tikililər dağılıb getsin. Amma bizim yaşayış məskənlərimizin qırağından başlayıb yeni məhlələr tikirlər, bədəvi ərəbləri zorla hazır evlərə köçürürlər. Kürdlər də bizim kimi. Baxmayaraq ki, Bəəs qatı millətçi partiyadır, bizləri – qeyri ərəbləri də məcbur edirlər ki, ona üzv olaq. Kim bu partiyaya girirsə, dövlət idarələrində vəzifə alır. Lap sizdəki kimi. Amma Kommunist partiyasının heç olmasa nəzəriyyəsində milli ayrı-seçkilik yoxdur... Türkiyə olmasa bizi yeyərlər. Nə yazıqlar ki, türkiyənin nefti yoxdur. Amma türk torpaqlarında yetərincə neft vardır. Bizim Kərkükdə, Bakıda, Tatarıstanda, Türkmənistanda, Türk dənizi Xəzərdə neft, qaz var, amma bunun nə Türkiyəyə, nə də o ölkələrin sakinlərinə gərəyincə faydası dəymir.
Mən Atatürkün türk gənclərinə xitabən etdiyi vəsiyyəti ilk kərəm Məhəmmədəlidən eşitmişdim. Alparslan Türkeşin adını da onun dilindən eşitmişdim.
“Albay NATO-da görəvini atıb millətini tutdu. O, Türkiyə xaricində əsarət altına alınmış, assimilyasiya təhlükəsi ilə üz-üzə qalmış türk xalqlarının taleyini düşünür. İraqda, Balkanlarda, Yunanıstanda olan türklər arasında geniş iş aparır. Qardaş, məhdud da olsa, sizin öz dilinizdə məktəbləriniz, universitetləriniz, kitabxanalarınız, qəzetləriniz, televizyonunuz var. Bütün bunlar dövlətin dəstəyi ilə yaradılıbdır. Bizdə isə hər şeyi özümüz eləməliyik ki, yeni nəsillər dilimizi, tariximizi bilsinlər. Biz Bağdada oxumağa gələn yeniyetmə gənclərlə görüşüb tanış olur, onlara kömək eləyib yol göstəririk ki, zərərli ünsürlərin təsiri altına düşməsinlər, doğru yol seçsinlər. Onlara türkcə kitablar, musiqi kasetləri veririk”.
Məhəmmədəli mənə Türkiyə müğənnilərinin şərqiləri yazılmış kasetlər, Kərkükdə nəşr olunan “Qardaşlıq” jurnalının bir nüsxəsini verdi. Mən bu jurnaldakı məqalədən öyrəndim ki, hələ rus xalqının izi-tozu olmadığı bir dönəmdə Sibirdə Tümən Pak xaqanlıq etmişdi... XX əsrin böyük türkoloq alimi Lev Qumilyovun da, türk xalqlarının da bəxti onda gətirdi ki, 60-cı illərin ortalarında Çinlə SSRİ sərhədində Taman çayı qollarının arasında yaranmış adacıq üstündə iki nəhəng pozuluşdu. Çin Rusiyaya qarşı iddia edirdi ki, Ural dağından bəri onun torpaqları deyil, Sibir, Uzaq Şərq qədim Çin torpaqlarıdır və Rusiya bu əraziləri XVIII yüzildən sonra tutmuşdur. Sovet nümayəndə heyətinin masaya qoymağa təkzibedici sənədləri, kitabları yox idi. Buna görə Kreml SSRİ EA-nın o vaxtkı prezidenti Keldışa belə bir göstəriş vermişdi: təcili Uraldan şərqə doğru torpaqların çinlilərə aidiyyatı olmaması haqqında elmi-tarixi kitablar yazılıb nəşr edilsin!...
Çinlə sərhəd məsələsi ilə bağlı xəbərləri bizə ingilis dili tərcüməçisi Sergey Lyubin danışırdı. Yaxşı oğlan idi, nisbətən səmimiydi. Atası general Lyubin Almatıdakı əsasən sərhədçi zabitlər hazırlayan ali hərbi məktəbin rəisi idi. Sovet-Çin danışıqları başlayanda, onu müştərək komissiyanın SSRİ tərəfdən sədri təyin etmişdilər. Sergey danışırdı ki, Kreml SSRİ EA-nın qarşısında belə bir müddət qoymuşdu: 3 aya bu torpaqların çinlilərə deyil, əski türk dövlətlərinə aid olduğunu sübut edən kitab hazır olmalıdır. Keldış məlumat vermişdi ki, istəsəniz, 3 günə verərəm. Beləliklə, illərlə Akademiyanın arxivində yatıb qalmış L.Qumilyovun “ Əski Türklər ” və s.kitablarına qapı açılmışdı.
Bakıya məzuniyyətə gələndə Məhəmmədəlinin verdiyi kasetləri gəncliyində həvəskar musiqiçi olan, İslam Rzayevlə, Zaur Rzayevlə toylara gedən qaynıma verdim və tapşırdım ki, nəbadə bunların mənim tərəfimdən gətirildiyini deyəsən. Çünki bunları Bakıya mənim gətirdiyim KQB – yə çatsa, xaricdə işləmək qapısı üzümə bağlanacaqdı... Bir il sonra Bakıya dönəndə eşitdim ki, həmin kasetlərdən vur-tut üç mahnı oxunduqdan sonra KQB işə qarışır: bu kasetləri kim gətirmişdir? Onlar soruşa-soruşa gəlirlər layihə institutunda mühəndis işləyən qaynım Elman Həsənovun üstünə, onu dindirməyə çağırıb, iki suala cavab istəyirlər: bu mahnılar yazılmış kasetləri kimdən və haradan alıbsan? Qaynım deyir ki, vaqzal tərəfdə küçə
alverçisindən almışdım. Çekistlər ondan aldığı günü, saatı soruşurlar, “küçə alverçisini” təsvir eləməyi tələb edirlər. Qaynımın cavabı qane eləmədəyi üçün onu ikinci kərə çağırıb dindirirlər. “Bakıda ingilis,fransız,ərəb, fars dillərində mahnılar oxunur, kasetlər satılır, bu da onlardan biri...” deyən qaynımı hədələyirlər ki, onu sənə kimin verdiyini bilməyincə əl çəkməyəcəyik... Xoşbəxtlikdən Elman uzaq qohumluğu çatan mərhum maestro Niyazi ilə görüşə bilir, məsələni ona danışır. Maestro əlüstü KQB-də rəhbərlərdən kiməsə zəng vurur, “Ayıbdır, qoymayın belə işləri eləsinlər. Musiqi sərhəd tanımır” deyir. Yalnız bundan sonra bu məsələni araşdırmaqdan əl çəkirlər.
Məhəmmədəligilə görə İraqlı kursantlara kömək edirdim, sözlərini tuturdum, növbətçi olanda gecə onların düşərgəyə gec qayıtmasına göz yumurdum. Çətinə düşəndə turkman kursantlar sovet təlimatçılarına “biz ərəb deyilik, yüz illər qabaq İraqa köçmüş Azərbaycanlılarıq” deyirdilər. Bunun onlara az-çox köməyi olurdu. Onlar üç qardaş kimi mehriban yaşayırdılar. Bir dəfə Mahmud ona “iyrənc türkman” dediyinə görə millətçi ərəb kursantının ağız-burnunu əzmişdi. Məhəmmədəli tez bunu mənə xəbər verdi. Heç nə olmamış kimi dərslərdən sonra iraqlıların sinifkomu ilə görüşdüm. Söhbət açılanda “məsələni böyütməyin, burda da, İraqda da rəhbərlik bilsə, hər ikisi üçün yaxşı olmaz” dedim. O zaman mən İraqdan bir neçə aylığa gəlmiş iki baş leytenantla işləyirdim, onlardan biri İraq Ordusunda yüksək vəzifəli bir zabitin qardaşı idi, aramızda səmimi münasibət yaranmışdı. Bunun da təsiri oldu, döyən yox, döyülmüş birinci üzr istədi, onları barışdırdılar.
Mən bu birliyi Suriya türkmanları, şeyx Şamil üsyanı zamanı şam ölkələrinə qaçmış qafqazlılar arasında da gördüm. 1970-ci ildə Məhəmmədəligil İraqa dönmüşdülər, mənsə 3 ilə Suriyaya hərbi tərcüməçi göndərilmişdim. Burada da hər yerdə gözüm türk izləri axtarırdı. Bu izlərlə tez-tez qarşılaşırdım, istər bu ölkədə işlənən türk sözləri, yer adları, tarixi abidələr olsun, istərsə də canlı insanlar... Düşünürdüm ki, gördüklərimi yazsam, Azərbaycan oxucuları üçün maraqlı olardı, amma o zamanlar, Sovet dönəmində bu mümkünsüz idi. Birincisi, dövlət nəşr evlərində senzura buna qadağa qoyacaqdı. İkincisi, mənə pantürkçü damğası vurulacaqdı, yollarım bağlanacaqdı. Bu nəticəyə gəlməyimə müşahidələrimlə yanaşı uğursuz bir təşəbbüsüm də səbəb olmuşdu...
Almatıda Kərküklülərlə tanışlığım, onların mənə söylədiklərini, yuxarıda verdiyim bayatını, Kərkük şairləri haqqında məlumatları məqalə şəklinə salıb, tələbəlik çağlarında hekayə və digər yazılarımı dərc etmiş “Azərbaycan gəncləri” qəzetinə göndərdim. Amma bir müddət sonra yazım çıxmış nüsxəni Almatıda alanda pərt oldum. Yazım Sovet ideologiyası baxımından tam dəyişdirilmişdi, bayatı və şeirlər verilməmişdi. Mən yazmışdım ki, nə zaman, nə də təzyiqlər onlara dillərini unutdurmağı bacarmamışdı. Qəzetdə isə “dillərini” pozub “dinlərini” yazmışdılar. Çox gülməli alınmışdı. Ərəb ölkələrində şiəliyin mərkəzi olan İraqda dini necə unutmaq olardı?
Düz səkkiz il sonra – 1977-ci ilin sonlarında çoxdankı arzum gerçəkləşdi. Əlcəzair və Suriyadan sonra üçüncü ərəb ölkəsinə - bizə həm məsafəcə, həm də şumerlər dönəmindən bəri tarixən yaxın olan İraqa işə göndərilmək qismətim oldu. Ölkənin şimalında min illər öncələrdən bəri əcdadlarımızın məskunlaşdığı Türkman şəhər və kəndlərini gəzib gördüm. Bir ildən çox hər yerdə gözüm köhnə dostlarımı arayırdı, arabir rastlaşdığım türkmanlardan onları soruşurdum. Dostlarımı tapmaq üçün rəsmi dairələrə müraciət etməkdən çəkinirdim. Çünki onlar hərbçilər idilər, o zamanlar ara-sıra eşidirdik ki, Səddam Hüseynin əmri ilə İraq kommunistlərini güllələyiblər. Taleyin ironiyasına bax ki, məzuniyyətdən iki gün qabaq Bağdadın mərkəzi küçəsində Fuadla rastlaşdıq.
Bir ay civarında ailəmlə bərabər Bağdada dönmək vədimi yerinə yetirə bilmədim. Atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Yuxarıda göstərdiyim səbəblərdən Bağdada dönə bilmədim. Əgər dönsəydim, Məhəmmədəli ilə Fuad nəzərdə tutduğum kitabım üçün faktlar toplamaqda çox kömək edəcəkdilər...
1994-cü ilin sentyabrında Müstəqil Azərbaycandan Bağdada Füzuli günlərində, ənənəvi Babil festivalında iştirak üçün baş nazirin müavini Elçin Əfəndiyevin təşkilatçılığı və başçılığı ilə 4 avtobusda böyük nümayəndə heyəti getmişdi. Gedənlər arasında mən də vardım. Qarşılama mərasimində tanış olduğum Kərküklülərdən köhnə dostlarımı soruşdum. Dedilər ki, Məhəmmədəli 80-ci illərdəki İraq-İran savaşında həlak olmuşdur, heç qəbri də yoxdur. Fuad isə on ildən çoxdur İranda əsirdir, on dörd yaşlı qızı yolunu gözləyir. Sanki içimdə nəsə qırılıb düşdü... Bir sürə özümə gələ bilmədim. “Bəlkə də o, hava döyüşündə İran tərəfdən bir azərbaycanlı türkünün atdığı raketə tuş gəlmişdir?” fikri də məni əzirdi.
Məhəmmədəli hələ Almatıda deyərdi ki, mən yaxşı təyyarəçi olmalıyam, ad-san, mövqe qazanmalıyam ki, xalqıma kömək edə bilim. Biz türkmanların dövlətdə mövqe tutmuş adamlarımıza ehtiyacı var...
Bu gün İraqın qarışıq zamanında türkmanların çətin durumunda sənin kimi oğulların yeri görünür, Məhəmmədəli...
P.S. 90 – cı illərin ortalarında müstəqil Azərbaycanda İraqın səfiri Ərşad Önərdən öyrəndim ki, Fuad Tərzini əsirlikdən buraxmışlar.
***
Kim olursan ol yaşamın qürub çağında geriyə baxarkən duyduğun sevinc kədərdən qat-qat az olacaqdır. Yaxınların, dostların sırası getdikcə seyrəlir. Onların xatirələri nə qədər əziz, şirin olsa da qəm-qüssə gətirir... Bəli, dostları taparkən duyduğun sevinc, onları itirərkən yaşadığın kədərdən qat-qat azdır.
Mən yaşımın günbatan çağında arxaya boylanıb, ötüb keçmiş, yox olmuş günlərdə - heçlik içində əbədilik axtarıram... Bilsəm də ki, Adəm törəmələrinə əbədi yaşam verilmir... Tək-tüklərinin adları Yer üzü üçün özlərinin düzüb-qoşduqları tarixdə qalır. Əbədilik isə yalnız Uca Tanrıya məxsusdur, onun yaratdıqlarına yox... İstər Yer üzündə canlı olsun, istərsə də cansız, yaxud göy cismi, ulduzlar olsun... Bəlkə də Adəm törəmələrinin yaradılmış olduğu Yer kürəsi sayı bilinməyən göy cisimlərinin ən gözəlidir?! Qurani-kərimdə göstərildiyi təki “Aləmlərin Rəbbi yaratdığı adamlara ana bətnindəykən verdiyi canı - Ruhu müəyyən vaxtdan sonra geri alır: “İnnə Lillah va innə ileyhi raciun” (Biz Allahdanıq, onun da yanına qayıdırıq”).
Mən yaşamımın 45 ilini ateizmin hökm sürdüyü Sovet dönəmində yaşasam da, Marksizmin üç mənbəyindən biri Alman filosofu Hegelin təsvirində aciz qaldığı Ruhun varlığına gənc yaşlarımdan inanmışam.
Bəli, bütün bunları düşünəndə bu dünyadan vaxtlı-vaxtsız getmiş yaxınlarımın, dostlarımın xatirələrinin içimdə yaratdığı böyük kədər yanğısını elə içimə axıtdığım göz yaşları ilə söndürürəm.
Mərakeşdən tutmuş Suriyayadək ərəb dünyasında, Türküstandan başlayaraq Anadoluyadək, ulu dədə-babalarımızın Anayurdu Qafqazdan, fəth etdiyi - indi Rusiya adlanan əski Tartariyadan İranda Şumer şəhər-dövlətinin adını saxlamış Kiş adasınadək ayağım dəydiyi yerlərdə dost-tanışlarım olubdur. Onlardan çoxu unudulub gedibdir. Amma bir çoxunun xatirələri yaddaşıma həmişəlik yazılıbdır. Kərkükdən Məhəmmədəli Bayatın, Əlcəzairdən Əhməd Əminin, Suriyadan Albay Riyadın, Qazaxıstandan Maman Yunusovun, Jakenin, Moskvadan Sergey Lyubinin, Volodya Polosuxinin, Bakıdan Sirus Təbrizlinin, Şövqi Novruzovun, Abbas Abdullanın, Salam Qədirzadənin, hamısının adlarını sadalamağın olumsuz olduğu yüzlərlə dostlarımın xatirəsi mənlə əbədiyyətədək yaşayacaqdır. Həmişə xoşluqla andığım lətif cinsə aid dostlarımın, iş yoldaşlarımın adlarını çəkmirəm. Xanımım dolaba düzdüyüm kitablarımı oxumasa da, kiminsə ona deməsindən ehtiyatlandım. O, bu yaşımadək ömrü boyu məni qısqanıbdır...
Əlbəttə, pislikləri ilə qəlbimdə iz qoymuşların da adları yaddaşımdakı “əbədi” lərin siyahısındadır. Barmaqla sayılası bu adamlar haqqında danışmamağa çalışacam.
Fazil Güney
Əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru


