Məmməd Əvəzoğlu:
Süfrə mədəniyyəti
Ölçüyə gəlməz idi anaların zəhməti,
Uca idi atanın evdə qədir-qiyməti,
Süfrə başında uşaq hırıldamazdı qəti,
Bir az ciddiləşərdi atanın da surəti,
Belə idi o zaman süfrə mədəniyyəti.
Özgə dadı var idi ədviyyatlı aşın da,
Piti, küftə olaydı, ya tikə bozbaşın da,
Babamız oturardı süfrəmizin başında
Çömçədə bilinərdi böyük-kiçik nisbəti,
Belə idi o zaman süfrə mədəniyyəti.
Sehirli əlləriylə süfrəmizi bəzərdi,
Ana gözləri ilə boşqabları gəzərdi,
Arada gizli-gizli öz payından üzərdi,
Sonbeşik balasına yedizdirərdi əti,
Belə idi o zaman süfrə mədəniyyəti.
Qazanda nə gəlsəydi, danışmadan tıxardıq,
Payımız az düşəndə dişimizi sıxardıq,
Quş pulovun, balığın axırına çıxardıq,
Həmişə başda olub ləvənginin hörməti,
Belə idi o zaman süfrə mədəniyyəti.
Ərbəində hər evdə bişərdi halva-yuxa,
İsti kökə yeyərdik təndirdən çıxa-çıxa,
Çörəyin iyi, dadı hətta çəkilib yoxa,
Xəyallarda dadırıq indi həmin ləzzəti,
Bələ idi bir zaman süfrə mədəniyyəti.
Məmməd Əvəzoğlu.19.04.2026.


