Beynəlxalq Mədəni İrs Ustad Məktəbində şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti üzrə tematik qrupun dərsləri keçirilib
13-17 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Bülbülün Memorial Muzeyində Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarından biri - “Şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan şifahi xalq ədəbiyyatının əsas istiqamətləri - Dədə Qorqud irsi, aşıq sənəti və Molla Nəsrəddin lətifələri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının şifahi ədəbiyyat kontekstində mənimsənilməsi, dastan və nağıl ənənələrinin tarixi və struktur xüsusiyyətlərinin öyrənilməsi, aşıq sənətinin poetik və musiqi komponentlərinin təhlili, eləcə də iştirakçıların şifahi ifadə, nəql və improvizasiya bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycan şifahi söz irsinin müasir dövrdə qorunması, ötürülməsi və yeni nəsillərə təqdim edilməsi yollarına yönəlib.
Proqramın ilk günü - 13 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı haqqında məruzə ilə çıxış edib. Prof.Dr. Aybəniz Rəhimova (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) isə “Dastan mədəniyyəti və Azərbaycan şifahi ədəbiyyatı” mövzusunda təqdimat edib.
14 aprel tarixində keçirilən ikinci modul dastan və nağıl ənənəsinə həsr olunub. Dos.Dr. Şəmil Sadıqov (Hədəf Şirkətlər Qrupu, Azərbaycan Nəşriyyatlar Assosiasiyası) “Postmodern Azərbaycan romanında “Dədə Qorqud” dastanı və təhrif edilmiş tarix”, Dos.Dr. Elvin Əliyev (AMEA Arxeologiya və Antropologiya İnstitutu) “Azərbaycanın şifahi ənənəsi kimi folklorun tarixi və əhəmiyyəti” mövzusunda çıxış ediblər. Gün ərzində şifahi nəql məşqləri, dastan parçalarının canlı təqdimatı və improvizasiya üzrə praktiki məşğələlər təşkil olunub.
15 aprel tarixində keçirilən üçüncü modul Azərbaycan aşıq sənətinə həsr edilib. Prof.Dr. Şikar Qasımov “Aşıq sənətinin tarixi inkişaf mərhələləri”, Dos.Dr. Hafiz Kərimov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Ozan-aşıq sənətinin tarixi-mədəni səciyyəsi”, Dos.Dr. Fərqanə Zülfüqarova (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) isə “Azərbaycan aşıq sənətində qadın aşıqlar” mövzularında çıxış ediblər. Aşıq Qəlbinur İbrahimli (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) saz ifaçılığı üzrə ustad dərsi verib, müxtəlif aşıq sənəti nümunələrindən ifalar səsləndirib, aşıq sənəti janrları və məktəbləri barədə müqayisəli məlumatlar təqdim edib. Praktiki hissədə usta İskəndər Budaqov tərəfindən sazın hazırlanması üzrə ustad dərsi keçirilib.
16 aprel tarixində keçirilən dördüncü modul xalq yumoru və satirik söz mədəniyyətinə həsr olunub. Lətafət Əliyeva (Bakı Slavyan Universiteti) “Şifahi yumor və söz mədəniyyəti”, Arzu Soltan (“Azərbaycan məktəbi” jurnalı) isə “Lətifələrin maarifləndirici və satirik funksiyası. Molla Nəsrəddin obrazı xalq mədəniyyətində” mövzularında məruzə ilə çıxış ediblər.
17 aprel tarixində keçirilən yekun modul çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Qrup təqdimatlarında dastan parçaları, aşıq ifası və lətifə təqdimatları yer alıb. Təlim proqramı yekun müzakirə və rəy sessiyası ilə başa çatıb.
İştirakçıların yekun qiymətləndirilməsi elmi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə aparılıb. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Proqramın sonunda iştirakçılar Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarını təhlil etmək, şifahi nəql və improvizasiya bacarıqları nümayiş etdirmək və söz irsi nümunələrinin müasir təqdimat yollarını əsaslandırmaq kimi mühüm bilik və bacarıqlar əldə ediblər.


