Neft Akademiyasında baş verən terror aktından 17 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş verən terror aktından on yeddi il ötür.
30 aprel 2009-cu ildə silahlı terrorçu, Gürcüstan vətəndaşı Fərda Əsəd oğlu Qədirov (1980-ci il təvəllüdlü), Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ADNA-nın ikinci binasına daxil olub. Birinci mərtəbədən altıncı mərtəbəyə qalxan silahlı şəxs Makarov tapançası ilə qarşısına çıxan hər kəsi güllələyib. Bu dəhşətli hücum nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Terrorçu daha sonra intihar edib.
Hücumdan dərhal sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Bu tədbirlər nəticəsində Qədirovla əlaqəli şəxslər məsuliyyətə cəlb ediliblər.
Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah və sursat əldə etmə, saxlama, gəzdirmə və daşıma, eləcə də qanunsuz olaraq narkotik maddələr əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.
İstintaq zamanı hüquq-mühafizə orqanları F. Qədirovun Ermənistan xüsusi xidmət orqanlarının əmrlərini yerinə yetirdiyini öyrənib. İş materiallarına görə, o, Mardun Qumaşyan adlı bir erməni ilə daim əlaqədə olub. F. Qədirov terror aktını həyata keçirmək üçün əvvəlcədən külli miqdarda pul və silah alıb.
Cinayət işi materiallarında göstərilir ki, Neft Akademiyasında terror aktının təşkilatçısı Mardun Qriqoriyeviç Qumaşyan 6 mart 1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. O, İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.
Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2010-cu il tarixli qərarı ilə iş üzrə təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Terrorçunun ölümü (intihar) səbəbindən ona qarşı cinayət işi ləğv edilib.
ADNA-da baş verən terror aktının qurbanları bunlardır:
1. Taleh Tariyel oğlu Məmmədov (1980-ci il təvəllüdlü, Sumqayıt);
2. Ayna Abbasqulu qızı Qurbanova (1957-ci il təvəllüdlü, Salyan);
3. Tamilla Zülfüqar qızı Əzizova (1951-ci il təvəllüdlü, Bakı);
4. Yusif Telman oğlu Bəndəliyev (1989-cu il təvəllüdlü, Cəlilabad);
5. Ramiz Xəlil oğlu Abdullayev (1940-cı il təvəllüdlü, Bakı şəhəri);
6. Məcnun Əbdülvahid oğlu Vahidov (1946-cı il təvəllüdlü, Bakı şəhəri);
7. Ceyhun Sakit oğlu Aslanov (1988-ci il təvəllüdlü, Şirvan şəhəri);
8. Emin İmaməli oğlu Abdullayev (1989-cu il təvəllüdlü, Daşkəsən şəhəri);
9. Ruslan Cəfər oğlu Babaşov (1990-cı il təvəllüdlü, Sabirabad rayonu);
10. Ayaz Cavanşir oğlu Bağırov (1988-ci il təvəllüdlü, Bakı şəhəri);
11. Şəfa Afət qızı Məmmədova (1978-ci il təvəllüdlü, Bakı şəhəri);
12. Savalan Allahverdi oğlu Cabbarov (1987-ci il, Bakı şəhəri).


