Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Kitablar səltənətinin incisi: Süleyman Rüstəm “Təbrizim” 
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri Xalq şairi Süleyman Rüstəmin “Təbrizim” şeirindən bir parça təqdim olunur.
12 mart 1906-cı ildə Bakının Novxanı kəndində dünyaya göz açan Azərbaycanın Xalq şairi, dramaturq, dilçi, publisist, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin şeirləri bu gün də nəğmələrdə, dərsliklərdə, ədəbi qəzet və jurnallarda yer alır, yaşayır, unudulmur. 
 Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən
Azərbaycana gəlsin.

S.Rüstəmin “ Azərbaycana gəlsin” şeirini 7-dən 77-yə bilməyən varmı? Azərbaycanın elə bir guşəsi yoxdur ki, şair oraya şeir ithaf etməsin. Azərbaycanda Xəzər dənizi haqqında ən çox şeir yazan şair kimi tanınan Süleyman Rüstəmin məşhur “Ana və poçtalyon”, “Ana ürəyi”, “Gün o gün olsun”, “Olmasaydı”, “Oğul”, “Canlara candır, Qarabağ”, “Həsrətimin yaşı”, “Süleymana göstərin”, “Yaralarım” və yüzlərlə şeirləri bu gün də sevilə-sevilə oxunur. S.Rüstəm “Durna”, “Çimnaz xanım yuxudadır” komediyalarının, “Qaçaq Nəbi” kimi mənzum dramın (pyesinin) müəllifidir. Cənub mövzusu şairin yaradıcılığında önəmli yer tutur desək, yanılmarıq. 1941 – 1945-ci il Böyük Vətən müharibəsi illərində ilk dəfə İranda olan zaman soydaşlarımızla görüşən şair xalqın ağır, dözülməz həyatından təsirlənərək ömrünün sonuna qədər cənub həsrətiylə şeirlər yazır:
Nədir o mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Cənubi Azərbaycanı hər zaman ürək yanğısıyla vəsf edən şair:
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
– deyərək başqa şeirlərində də bu təsirlərdən qurtula bilmir. Gözəl Qarabağımıza həsr etdiyi “Canlara candır Qarabağ” şeirindən bir misrasında yenə də cənub yanğısından yan keçməmişdir:
Sən bilirsən ki, mənim təkcə cənub dərdim var,
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ.

     Yazıçı Şahzadə İldırımın izləyicilərə ixtisarla təqdim etdiyi “Təbrizim” şeiri Süleyman Rüstəmin cənub həsrətli şeirlərindən biridir. Bu il 120 illik yubileyi qeyd olunan Xalq şairinin “Təbrizim” və sevilən bir çox şeirlərini oxumaq tövsiyə olunur.
    Şeir kitabxananın YouTube kanalında təqdim olunur:
https://www.youtube.com/watch?v=oXY7Vi2z3_4

 
 

Best coffeeshop in Berlin