Sərbəst güləş üzrə millimiz də AÇ-da birinci olub
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatına sərbəst güləşçilərin son həlledici görüşləri ilə yekun vurulub. Qeyd edək ki, çempionatın sonuncudan əvvəlki günü 2 (1-01) medal qazanan sərbəst güləşçilərimiz son gündə isə daha 4 (2-2-0) medal əldə ediblər.
Bununla da, sərbəst güləş üzrə millimiz 6 (3-2-1) medal və 152 xalla komanda hesabında sayca 6-ci dəfə Avropa çempionu olub.
İkinci yeri 94 xalla Gürcüstan, üçüncü yeri isə 73 xal toplayan Ermənistan komandası tutub.
Yığmamızın aktivinə yazılan medallara gəlincə, bütün görüşlərini qələbə ilə başa vuran İslam Bazarqanov (57 kq), Alı Tsokayev (92 kq) və Georgi Meşvildişvili (125 kq) qızıl medal qazanıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Turan Bayramovla (74 kq) Arsiney Djioyevin (86 kq) payına düşüb. Yeganə bürünc medal isə çıxışını üçüncü yerdə bitirən Cəbrayıl Hacıyevin (79 kq) payına düşüb.
Yeri gəlmişkən, bu qitə çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası da birinci olub (2-0-3 medalla).
Qadınlardan ibarət millimiz içə çempionatı 2 bürünclə bitirib.
İNTİQAM Məmmədov


