Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Etibar Əliyev: Aydın Məmmədovun anım günüdür

19 APREL 47 YAŞINDA HƏLAK OLMUŞ DAHİNİN ANIM GÜNÜDÜR!
Onun əsas missiyası  barışdırmaq idi, bütün bacarığını, biliyini xalqına vermişdi.  
Cəmi 47 il yaşamasına baxmayaraq, Aydın Məmmədovun yurdumuzun insanlarının işıqlı istiqbalı naminə gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. Dahilik şəxsi uğur deyil, anadangəlmə keyfiyyətdir. Başqa sözlə, vergidir. Dahilik fenomenini təhlil etmək çox çətindir. Anna Axmatovanın təbirincə desək, "Bunu yaradıcılıq deməlidir". Biz onu görkəmli türkoloq, dəyərli dost, ictimai xadim, əvəzsiz tənqidçi, mükəmməl orator kimi tanıyırdıq. "Tərcümə Mərkəzi" ideyası ona məxsusdur. Aydın Məmmədov 2500 il bundan öncə dahi yunan filosofu Pifaqorun yaratdığı "Pifaqor məktəbi" (Pifaqor ittifaqı) analoqunu yaratmışdı. Bütün istedadları bu məktəbin üzvü eləmişdi. Bütün üzvlərə eyni dəyər verirdi. Aydın Məmmədov məktəbinin böyük dinləyici ordusu var idi. O, böyük ziyalı olmaqla yanaşı, həm də filosof idi. Tərcümə Mərkəzində aparılan elmi-ədəbi diskussiyaları unutmaq mümkün deyil. O, yüksək səxavəti ilə seçilən şəxsiyyət idi. 
Oljas Süleymenovun Aydın Məmmədov haqqında fikri maraqlıdır: "Aydını türk xalqlarına yaxınlaşdıran onun qan yaddaşıdır. Bu qan yaddaşından süzülüb gələnlərsə röya deyil, Aydın həqiqətidir". Bəli, həqiqətin ünvanı düz göstərilib. Türkologiya elminin inkişafı birbaşa Aydın Məmmədovun adı ilə bağlıdır. Onun ideyaları ölümündən sonra bar verməyə başladı. 
Aydın Məmmədovun 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Plemundakı çıxışı ədəbiyyatımızın kompasıdır. Həmin çıxışdan: "Ölkəmizdə inqilabi yeniləşmə gedir. Biz fikir barrikadalarında, axtarış səngərlərindəyik. Səngərin bu tərəfində hazırlıqlı və istedadlı, cəmiyyətin inkişafı naminə hər şeydən keçməyə hazır olan fədailər, o tərəfində - yenidənqurma və aşkarlıq məramını öz şəxsi mənafeyinə tabe etdirməyə can atan buqələmunlar durur. Gəlin bütün qüvvə bacarığımızı fədailərin qələbəsinə sərf edək!" Bu cür açıq və cəsarətli fikirlərə görə onun düşmənləri də çox idi. Lakin o, belə şeylərə məhəl qoymurdu. Böyük alman filosofu Fridrix Yunger Qərblə Şərqi belə fərqləndirirdi: "Qərb dialoqu, Şərq monoloqu xoşlayır". Aydın Məmmədov Azərbaycana dialoq mədəniyyətini gətirən ziyalıdır, intellektualdır. Onun Lev Qumiloyla, Anarla və digər görkəmli şəxsiyyətlərlə dialoqu indi daha çox aktualdır, çünki bu kontent indi yoxa çıxmaq üzrədir.
Aydın Məmmədov 47 yaşında avtomobil qəzasından dünyasını dəyişdi. Aydın Məmmədov yaşamağa da tələsirdi, ölməyə də... Dünyaya da tələsik gəldi, tələsik getdi.
Böyüyüb boya-başa çatdığı Şəkinin Kiş kəndində dəfninə getmişdik. Atası Mirsaleh kişinin vüqarı bizi heyrətə gətirmişdi. Mən onda olan dəyanəti şəhid atalarında görmüşəm. Aydın Məmmədovu xatırlayanda Mirsaleh kişi də gözümün önünə gəlir. Dəfn boyu onun gözünü yol çəkən gördüm, heç danışmadı... Bəlkə də, ata və oğul o dünyada yarımçıq qalmış söhbətlərini davam edirlər...
Allah rəhmət eləsin...

Best coffeeshop in Berlin