Millimiz Sent Lüis yığmasını darmadağın edib
Azərbaycanın futbol üzrə yığması 2026-cı il mövsümündə ilk matçını keçirib. Qeyd edək ki, baş məşqçisi Ayxan Abbasov olan millimiz "FIFA Series-2026" beynəlxalq turnir çərçivəsində Sent Lüis komandasını qəbul edib. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan oyunda millimiz darmadağın hesablı qələbə qazanmaqla rekorda imza atıb. Yeri gəlmişkən, gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyun millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Vurulan qollara gəlincə, komandamızın kapitanı Emin Mahmudov 2-ci dəqiqədə penaltı ilə hesabı açıb - 1:0.
Matçın 21-ci dəqiqəsində yığmanın yeni simalarından olan Rəhim Sadıxov hesabı 2:0-a çatdırıb. Fasiləyə az qalmış Musa Qurbanlı (37-ci dəq) matçda üçüncü qolu vurub - 3:0.
Fasilədən sonra qonaqlar Donavan Filippin vurduğu penaltı ilə hesabı arasındakı fərqi azaldırlar - 3:1.
Lakin bundan sonra millimiz qonağını yenidən 3 dəfə cəzalandırıb. 64-cu dəqiqədə Toral Bayram səhnəyə çıxıb - 4:1. 86-ci dəqiqədə Vüsal İsgəndərli (5:1), 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə (6:1) fərqlənib. Sonuncu iki oyunvu meydana 46-ci dəqiqədə əvəzetmə ilə çıxıb.
Bir məqamı da qeyd edək ki, Ayxan Abbasov bu oyunda 22 oyunçunun (2 komanda) xidmətindən yararlanıb. Rəqib isə 14 futbolçu ilə oyunu başa vurub.
Martın 30-da isə millimiz saat 19:00-da eyni məkanda "FIFA Series-2026" çərçivəsində Syerra Leone komandasını qəbul edəcək.
İNTİQAM Məmmədov


