Vaqif Bəhmənli:
YAZ NAXIŞLARI
Azğın, canavar xislətlərin mal-mülk, sərvət üstündə didişib biri-birinin başına od yağdırdığı, qoca dünyanın kürəyində tonqal çatdığı bir gündə Yer üzünün sülhsevər türk milləti axır çərşənbənin qədəmlərinə tonqal yandırır! Novruz ocaqlarınız gur alışsın, heç zaman sönməsin!
Söz ocağından üç nəğmə də mənim sizə bayram payım olsun!
YAZ NAXIŞLARI
1. Yaz məni kəndə çəkir
Ruhumu şərbət hava
bərəyə, bəndə çəkir.
Çağırır doğma yuva –
Yaz məni kəndə çəkir.
Canımda qan cücərir,
Qəm atın gendə çəkir.
Yoluma xalça sərir –
Yaz məni kəndə çəkir.
Arıtək gül-çiçəyə,
Şəkərə, qəndə çəkir.
Qoşub əlçim küləyə
Yaz məni kəndə çəkir.
Ən ulu ruh diridi;
İlikdi, qandı - çəkir.
Ölüm-itim yeridi –
Yaz məni kəndə çəkir.
Nə suçun var, yumağa
Çeşmələr anda çəkir.
Qanadım var uçmağa –
Yaz məni kəndə çəkir.
Bu səadət yükünü
tay hansı bəndə çəkir?
Üzümdən nur tökülür –
Yaz məni kəndə çəkir.
2. Dünya bahar yaşındadı
Ağacların gözündə Gün,
“yarpaq əli” qaşındadı.
Hər tumurcuq sirli düyün –
Dünya bahar yaşındadı.
Düyməsini külək açır,
Lalə yamac döşündədi.
Məzarlar də çiçək açır –
Dünya bahar yaşındadı.
Yel aparır, qaçaq düşür,
Damaqlardan qışın dadı.
Qəm gözünü damcı deşir –
Dünya bahar yaşındadı.
Gün gəlindi, qab-qaşığı
Car eləyir, işıldadır.
Saz götürür haqq aşığı –
Dünya bahar yaşındadı.
Yurd düzəldir, yuva salır,
Qarışqalar işindədi.
Çəmən gül-gül nəfəs alır –
Dünya bahar yaşındadı.
Buğlu torpaq aş qazanı,
Su bərəkət tuşundadı.
Tanrı sevir yer qazanı –
Dünya bahar yaşındadı.
Od tökülür ürəklərə,
Qızlar bulaq başındadı.
Sevgi dolur səhənglərə…
Dünya bahar yaşındadı.
3. Ayda niyə gül bitmir
Yaz suyu gövhər kimi,
Gülü xoş xəbər kimi,
Küləyi kəhər kimi –
Yüyən, yəhəri yoxdu.
Nişanlıqdı, nəmərdi,
Başdan ayağa zərdi…
Yazda ilan kəmərdi,
Qurşa, zəhəri yoxdu.
Gülür alında yazı,
İgid öldürür nazı,
Yazda vurulan qızın
Axşam-səhəri yoxdu.
Bağa girmə minnətli,
Gözütoxlar hörmətli.
Yaz qucağı cənnətdi -
Şamı, naharı yoxdu.
Od uyuşmur, gül bitmir,
Gülündə bülbül bitmir…
Ayda niyə gül bitmir?-
Çünki baharı yoxdu!
Vaqif Bəhmənli. ƏSƏRLƏR. Cild-6.


