Məmməd Əvəzoğlu:
Bir dəfə
Həsənağa müəllim mənim yaddaşımda həmişəlik olaraq insanlıq simvolu kimi həkk olunub. Onun nə qədər sadə və səmimi insan olduğunu mən keçən əsrin 70-ci illərində "Çağırış" qəzeti redaksiyasında görmüşəm. Həsənağa müəllim həmişə "atılan daşlara" reaksiya verməyən bir insan idi. Öz jurnalistika işinin ustası idi. Ömrünün sonuna qədər bu məsləkinə sadiq qaldı. Həmişə yaxşı yazıları, şeir nümunələrini paylaşardı. Mənim heç bir şeirim onun gözündən yayınmazdı.Bir də, mənim həyət muzeyimi ziyarət eləmək arzusunda idi. Axırıncı dəfə görüşümüzdə dedi ki, xanım bir az nasazdır. Sağalsın, bir dəfə gələrik sizə. Heyif ki, ay Həsənağa müəllim, o "bir dəfələr"in çoxu ürəyimizdə elə arzu olaraq qalır! Əziz dost, gözəl insan, Allah sənə rəhmət eləsin. Həsənağa müəllimin xatirəsinə "Bir dəfə" şeirimi bir də paylaşıram.
Bir dəfə
Deyirdim bir dəfə gələrəm sizə,
Gedərik səs-küydən bir az uzağa.
Oturub çəməndə sənlə üz-üzə,
Tamaşa edərik dərəyə, dağa.
Mən təzə şeirdən,sən də özündən,
Söhbət eləməyə məkan seçərik.
Doldurub ovuca bulaq gözündən,
Ürək sərinlədən sudan içərik.
Bir dəfə yığarıq köhnə dostları,
Məclis düzəldərik yenə səhərdən.
Xəyalən gedərik gəncliyə sarı,
Şirin söz açarıq xatirələrdən.
Bir dəfə gedərik Göy Gölə tərəf,
Oradan Şuşaya, Cıdır düzünə.
Laçında xalılar düzülüb səf-səf,
Yəqin ürəyin də baxar sözünə.
Bir dəfə..bir dəfə..o qədər dedik,
"Bir dəfə" bir dəfə gəlib çıxmadı.
Ömrə etibar yox, bilə bilmədik,
Vaxtsız gələn əcəl kimi yıxmadı...
Dilim yetən yerə yetmədi əlim,
Həmişə zəng edib "bir dəfə" dedim.
Olan olub daha, bir dəfə gəlim,
Sənin məzarını ziyarət edim.
Məmməd Əvəzoğlu


