Ağcabədidə möhtəşəm Novruz şənliyi: Tonqal alovlandı, könüllər şadlandı +FOTO=90
Martın 17-də Ağcabədi şəhər Heydər Əliyev meydanında baharın gəlişi münasibətilə izdihamlı və rəngarəng bayram şənliyi keçirilib.
AZpress.AZ xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir qədim xalq sənətkarlığı və zərif əl işlərindən ibarət sərgi ilə başlayıb. Meydan boyu düzülən eksponatlar milli mədəniyyətimizin zənginliyini bir daha nümayiş etdirib. Şənliyin yaddaqalan anlarından biri isə Dədə Qorqud və Bahar qızın meydana faytonla daxil olması olub. Dədə Qorqudun xeyir-duası və Bahar qızın təravətli salamı iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb.
Meydanın mərkəzində baharın rəmzi olan möhtəşəm Novruz tonqalı alovlandırılıb. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri təbrik edərək, bu qədim bayramın birliyin, bərəkətin və yenilənmənin simvolu olduğunu vurğulayıb, hər bir evə ruzi-bərəkət arzulayıb.
Bayram proqramı bir-birindən maraqlı çıxışlarla zəngin olub. Belə ki, öncə gənc idmançılar öz çeviklik və məharətlərini nümayiş etdirərək böyük alqış qazanıblar.
Kosa və Keçəlin baməzə zarafatları, milli oyunlar və kəndirbazın riskli fəndləri meydana xüsusi canlanma gətirib.
Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı geniş konsert proqramı isə bayramın coşqusuna musiqi və rəqs ilə xüsusi rəng qatıb.


