“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib +FOTO=11
11 mart tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi keçirilib.
AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda vurğulamışdır ki, daha çox elmi əsərlər, daha çox hətta kiçik həcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin. Məhz bu çağırış əsasında nəşr olunan kitabın məqsədi qədim dövlətçilik ənənələrimiz barəsində gənc nəslin və dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsini artırmaqdır.
Təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena/Adorbayqan adlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi və sərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra baş verən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxucu kütləsinə çatdırılıb.
Təqdimat mərasimində çıxış edən müəllif kitabın elmi və tarixi əhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezisləri haqqında qonaqlara ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib və qonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Həsən Həsənovun müxtəlif ölkələrdə çap olunan “Tarixin hədəfi” (2004), “Dünya sivilizasiya tarixində genezis problemi” (2005), “Birinci Respublikaya doğru” (2010), “Qız qalası” (2014), “Makedoniyalı İsgəndər və Atropat” (2017), “Azərbaycanın tarixi-coğrafi atlası”, “Azərbaycanın tarixi-etnoqrafik atlası” (2025) və b. kitabları müasir Azərbaycan tarixşünaslıq elminə ciddi töhfədir. Eyni zamanda o, Azərbaycanda siyasi memuarın ilk nümunələrindən olan “Heydər Əliyev: parlaq və xarizmatik şəxsiyyət haqqında xatirələr” (2023) kitabının müəllifidir. “Qürbətdən məktublar/Brüsseldən məktublar” pyesi iyirmi ildən çoxdur ki, Azərbaycan Akademik Dram teatrının repertuarında yer tutur.


