Sərbəst güləş üzrə U-23 millimiz AÇ-da ikinci olub
Güləşçimiz Ali Tsokayev Avropa çempionudur
Serbiyanın Zrenyanin şəhərində 23 yaşlı (U-23) gənclər arasında güləş üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatında sərbəst güləşçilərin yarışına yekun vurulub. AGF-dən verilən məlumata görə, U-23 millimiz qitə çempionatını 8 (1-4-3) medal və 170 xalla ümumi komanda hesabında ikinci yerdə başa vurub. Xatırladaq ki, komanda hesabında birinci yeri 199 xalla Rusiya tutub. İlk üçlüyü isə millimizdən 54 xal geri qalan Ermənistan (116 xal) tamamlayıb.
Yeri gəlmişkən, çempionatın ikinci gününü 5 (0-2-3) medalla başa vuran U-23 millimiz üçüncü günü isə 3 (1-2-0) medal qazanıb.
Həmin günün yeganə qızıl medalını Alı Tsokayev (92 kq) qazanıb. Gümüş medallar isə yalnız həlledici finalda büdrəyən Ceyhun Allahverdiyevlə (61 kq) Yusif Dursunovun (125 kq) aktivinə yazılıb.
Bunlardan öncə isə Vasif Baqirovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Aqayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) triosu isə bürünc medal qazanıb.
Dünən çempionatda qızlar da mübarizəyə qatılıblar. Döşək üzərinə çıxan qızlarımızdan ikisi - Günay Qurbanova (50 kq) ilə Gültəkin Şirinova (55 kq) finala yüksəlib. Hər iki finalcimiz bu gün həlledici görüşə çıxacaq.
Çempionat davam edir.
İNTİQAM Məmmədov


