Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Qadın dünyasını anlamaq: şüuraltından davranışlara” mövzusunda seminar keçirilib +FOTO=12

Psixoloq Bahar Bəylərova - Ələkbərova 8 mart 2026-cı il tarixdə qadınlara - həyat yoldaşlarının onları anlamaq üçün ayırdığı zaman və əməyi sərgiləyəcəyi tədbir təşkil edib.  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın dünyasını anlamaq: şüuraltından davranışlara” mövzusunda maarifləndirici seminarın əsas məqsədi 8 Martın son illərdə daha çox marketinq kampaniyalarına və formal tədbirlərə çevrilməsi tendensiyasına diqqət çəkmək, bu günün əsl mahiyyətini – qadınların cəmiyyətdəki rolu, qarşılaşdığı problemlər, psixoloji dünyası və münasibətlərdə qarşılıqlı anlayışın əhəmiyyətini ön plana çıxarmaq olub. Eyni zamanda fərdi və peşəkar inkişaf tədbirlərində xanımların daha çox iştirak etməsi xanım və bəylərin inkişaf yolunda ciddi fərqliliyə səbəb olur. Bu da eyni zamanda münasibət və ünsiyyətə təsirsiz ötüşmür.
Seminar çərçivəsində iştirakçılara qadın psixologiyasının müxtəlif aspektləri – bioloji xüsusiyyətlər, şüuraltı davranış modelləri, bağlanma tipləri və kommunikasiya mexanizmləri haqqında elmi əsaslara söykənən məlumatlar təqdim edilib. Təlim proqramı analitik psixologiya və neyropsixologiya yanaşmalarına əsaslanaraq hazırlanıb və real həyat nümunələri ilə izah olunub.
Tədbirin ilk hissəsində qadın və kişi beyninin neyrobioloji fərqləri və bu fərqlərin gündəlik ünsiyyətə təsiri müzakirə olunub. Qeyd edilib ki, qadınlar emosiyalarını daha çox verbal ünsiyyət vasitəsilə ifadə etməyə meyilli olduqları halda, kişilər problemləri daha çox həll yönümlü düşüncə ilə qarşılayırlar. Bu fərqlər düzgün başa düşülmədikdə münasibətlərdə anlaşılmazlıqlara səbəb ola bilir.
Seminarın növbəti bölmələrində analitik psixologiyanın yanaşmaları əsasında qadın psixikasında mövcud olan əsas arxetiplər, uşaqlıq dövründə valideynlərlə qurulan münasibətlərin gələcək partnyor seçiminə və münasibət dinamikasına təsiri, eləcə də “kölgə münasibətləri” kimi tanınan psixoloji mexanizmlər izah edilib.
Təlim zamanı iştirakçılar qadınların emosional ünsiyyət dilini daha düzgün anlamaq, gündəlik məişət mübahisələrinin arxasında duran psixoloji səbəbləri müəyyənləşdirmək və sağlam kommunikasiya qurmaq yolları barədə praktiki yanaşmalarla tanış olublar.
Seminarın sonunda münasibətlərdə qarşılıqlı hörmət və emosional dəstəyin gücləndirilməsi üçün sadə, lakin effektiv davranış modelləri təqdim edilib. Vurğulanıb ki, diqqətlə (aktiv) dinləmək, emosional ehtiyacları anlamaq və gündəlik ünsiyyətdə empatiya göstərmək münasibətlərdə dərin və dayanıqlı bağların formalaşmasına kömək edir.
Tədbir interaktiv müzakirələr və iştirakçıların anonim suallarının cavablandırılması ilə yekunlaşıb. İştirakçılar seminarı yalnız münasibətlər mövzusunda deyil, həm də 8 Mart gününün mahiyyəti haqqında düşünməyə təşviq edən fərqindəlik platforması kimi qiymətləndiriblər.

Psixologiya üzrə fəlsəfə doktoru, APA-nın üzvü Bahar Bəylərova-Ələkbərova

Best coffeeshop in Berlin