Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
https://youtu.be/CCyhzvDXNfE


