Ruslan Paşayev Avstriya "Qran-Pri"sinin qalibi olub
Avstriyanın Lintc şəhərində cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Qran-Pri" davam edir. İlk iki gündən sonra Azərbaycan yığmasının üç üzvü daha uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Onlardan biri bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl, biri yalnız həlledici finalda büdrəyərək gümüş, digəri isə çıxışını üçüncü yerdə bitirərək bürünc medal qazanıb. Beləliklə, ilk iki gündən sonra Azərbaycan yığmasının aktivinə bir dəst (1-1-1) medal yazılıb.
Qızıl medal 66 kq-da mübarizə aparan Ruslan Paşayevin, gümüş medal Vüsal Qələndərzadənin (81 kq), bürünc isə çıxışını üçüncü yerdə bitirən Ömər Rəcəblinin (81 kq) aktivinə yazılıb.
Paşayev finala gedən yolda İzrail, Serbiya və 2 İspaniya təmsilçisini, həlledici görüşdə isə braziliyali Ronaldo Limanı üstələyib.
Vüsal Qələndərzadə həlledici finalda qazaxıstanlı Adilet Almata ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycanın 7 cüdoçu ilə qatıldığı turnirə martın 8-də yekun vurulacaq.
İNTİQAM Məmmədov


