Ağcabədidə 8 Mart – Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib +FOTO=29
Mart ayının 6-da YAP Ağcabədi rayon təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar günü ilə əlaqədar rayon ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınla görüş keçirmişdir.
AZpress.AZ xəbər verir ki, tədbiri iştirakçılarını və onların timsalında bütün qadınları təbrik edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazm Bünyatov, Azərbaycan qadınının ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirakını, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində misilsiz xidmətlər göstərdiyini qeyd etdi.
Çıxışda həmçinin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin bu gün də uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gender bərabərliyinə diqqətlə yanaşdıqları, idarəetmə orqanlarında rəhbər vəzifələrə qadınların irəli çəkilməsinə böyük önəm verildiyi, 30 il işğal altında olan torpaqların azad edilməsində qəhrəmanlıq göstərən oğulları məhz Azərbaycan qadınının böyütdüyü vurğulanmışdır.
Tədbirdə Şəhid bacısı Nüşabə İbrahimova, Şəhid anası Məlahət Həziyeva və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova çıxış edərək dövlət qadın siyasətinin əsas təminatçısı kimi ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəalları və Şəhid ailələrinin üzvlərinə Fəxri Fərman və Təşəkkürnamələr təqdim edilmişdir.
Tədbir çay süfrəsi arxasında davam etmişdir.


