Gənc boksçuların ölkə çempionatı başa çatıb
Bakı Boks Mərkəzində 19 yaşlı (U-19) oğan və qızlar arasında keçirilən boks üzrə seçmə xarakterli Azərbaycan çempionatına qızların yarışından sonra bu gün oğlanların həlledici final görüşləri ilə yekun vurulub. Bununla da 10 çəki dərəcəsində Azərbaycan çempionları müəyyənləşib.
ABF-dən verilən məlumata görə, Əli Əliyev (50 kq, Gəncə), Nihat Qasımov (55 kq, RKİM), Əli Baxışov (60 kq, "Dəmir Yumruq"), Şahin Aslanov (65 kq, UGİM-7), Rza Rzayev (70 kq, Gəncə), Renat Qiyaslı (75 kq, DİN İC), İsmayıl Vəliyev (80 kq, RKİM), Heydər Əzməmmədov (85 kq, Sumqayıt), Zaur Səmədov (90 kq, "Qızıl Əlcək İK) və Səfdər Məmmədzadə (+90 kq, Neftçi İC) bütün döyüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan boksçu ölkə yığma komandasının düşərgəsinə cəlb ediləcək və ilboyu ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək.
İNTİQAM Məmmədov


