Cüdoçularımız Paris Dəbilqəsində güləşəcəklər
7-8 fevral günlərində Fransanın paytaxtı Parisdə cüdo üzrə kişilər və qadınlar arasında yeni mövsümün reytinq xarakterli ilk "Böyük Dəbilqə" turniri keçiriləcək. İki gün davam edən turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.
ACF-dən AZpress.AZ-a verilən məlumata görə, ölkəmiz bəlli turnirdə baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Slavko Tekicin rəhbərliyi altında 8 tatami ustası ilə 4 çəki dərəcəsində çıxış edəcək.
Bu səkkizlikdə Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tckayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Baqirov (100 kq), Uşanqi Kokuari və Kənan Nəsibov (hər ikisi +100 kq) yer alıb.
Yeri gəlmişkən, turnirdə 82 ölkəni təmsil edən 526 (329 kişi, 199 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Reqlamentə görə, turnirdə ilk 3 yeri tutan cüdoçulara müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı veriləcək.
İNTİQAM Məmmədov


