"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən AZpress.AZ-a bildirilib ki, araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


