Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI: 
Qəlbimizdə yaşarsan, ölməz bir igid kimi –
20 Yanvar Şəhidi Poladi Saleh

Qəlbimizdə yaşarsan, ölməz bir igid kimi – 20 Yanvar Şəhidi Poladi Saleh
Qeyd: Oxucuların diqqətinə: Bu yazıda Şəhidimiz  Saleh Poladinin həyatını əks etdirən fotolarla yanaşı cəsədinin də görüntüsü mövcuddur. Cəsədin fotosu müəllifin şəxsi tapıntısıdır.

 

Vətən yolunda Saleh,
Ölsə də Şəhid kimi.
Qəlbimizdə yaşayır,
Ölməz bir igid kimi.


     Xalqımız Vətən, torpaq, millət naminə şanlı mücadilə yollarında mübarizə əzmiylə qurban gedən qəhrəmanlarının  xatirəsini yaddaşında yaşadaraq daim əziz tutur. Belə qəhrəmanlar hər zaman tarix salnaməsinə  köçərək xalqın sevgisində ehtiramla yaşayır. O qəhrəmanlar ki azadlığı, müstəqilliyi candan şirin, əziz və müqəddəs bilərək Şəhadətə əbədi yol aldılar. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğul  Saleh Poladi kimi.
     Saleh Əliqulu oğlu Poladi 1968-ci il dekabrın 6-da Bakı şəhərində anadan olub. 1975-ci ildə Nəsimi rayonu 159 saylı orta məktəbin birinci sinfinə daxil olub. Bu gün onun adını daşıyan həmin məktəbdə oxuduğu illərdən etibarən Saleh müəllimlərin sevimli şagirdinə çevrilib. Məktəbin pedaqoji kollektivi tərəfindən sakit təbiətli, mehriban, təmiz qəlbli, xeyirxah, ağıllı, savadlı bir şagird kimi tanınaraq yaddaşlarda əbədi qalıb. Onu xatırlayan müəllimləri Salehin yüksək mənəvi keyfiyyətlərə malik olduğunu hər zaman dönə-dönə vurğulayıblar. Məktəbi bitirdikdən sonra Saleh hərbi xidmətə yollanıb. O, iki illik xidmətini başa vurduqdan sonra Bakıda tikiş kooperativ fabrikində əmək fəaliyyətinə başlayıb və Şəhid olduğu günə qədər orada çalışıb.
     Saleh görkəmcə ucaboy, yaraşıqlı bir gənc idi. Anası Gülbahar xanımın ən böyük arzusu onu evləndirmək, ailə sahibi görmək idi. Salehdən xəbərsiz ona qız da bəyənərmiş. Çünki Saleh heç vaxt anasının sözündən çıxan övlad olmayıb. Anasının xatirələrində bildirdiyinə görə, o, ömrü boyu bir sözünü iki etməyib, böyüyə hörmət edən, itaətkar və tərbiyəli bir övlad kimi yetişib. Lakin 1990-cı ilin 19 yanvar gecəsi Saleh ilk və son dəfə anasının sözünə baxmadı. Görünür, bu da taleyin yazısı, Tanrının qisməti imiş. Onu Şəhidliyə  aparan yol məhz həmin qanlı gecədən keçirmiş…
     Həmin gün Saleh işdən yorğun halda evə qayıdır və görür ki, anası evdə yoxdur. Həyat yoldaşı Əliqulu kişi dünyasını dəyişəndən sonra Gülbahar ana bu ayrılığa dözə bilməmiş, xəstələnmiş, dərmanlara möhtac qalmışdı. Onun yaşaması dərmanlardan asılı idi. Saleh hər zaman anasının yanında olaraq, dərmanlarını vaxtında qəbul etməsinə özü nəzarət edərdi. Bir evdə – bir ana, bir bala kimi bir-birinə dayaq olur, bir-birini qoruyurdular. Lakin o gecə ana Salehi qoruya bilmədi… Saleh masa üzərində dərmanları görüb, onların azaldığını anlayır və anasının şəhərə dərman almağa getdiyini güman edir. Anasını gözləyib narahat etməmək üçün çörəyini yeyir, sonra kağız-qələm götürüb ona bir qeyd yazır:
“Ana, mən getməliyəm. Dostlarımla bu gecə meydanda olacağam. Çörək yemişəm, məndən nigaran qalma. Sən yat. Hörmətlə, oğlun Saleh.”
     Gülbahar ana evə qayıdarkən Salehlə rastlaşır. Onun həmyaşıdları ilə bir yerdə  olduğunu görüb qəlbi bir qədər toxtayır. Lakin yenə də Salehi yolundan döndərməyə çalışır:
-    Saleh, gəl evə.
-    Ana, sən get, mən gəlirəm.
-    Gəl, bir yerdə gedək.
-    Dedim ki, gəlirəm indi, sən get!
     Ana əlacsız qalıb evə Salehsiz dönür, ancaq gözlərinə yuxu getmir. Şəhəri vahimə bürüyəndə küçələrə düşüb ümidsiz  halda Salehi axtarır.
     Həmin gecə Saleh dostlarıyla bərabər  “XI qızıl ordu” (indiki 20 Yanvar meydanı) meydanına çatanda güllə yarası almış bir qadının yerdə çırpındığını görür. Onu xilas etmək üçün qolundan tutub kənara çəkmək istəyərkən güllə Salehin alnından dəyir. Dodaqlarında “Azərbaycan”, “Ana”, “Vətən”, “Azadlıq” sözləri yarımçıq qalır…
     Təbriz elinin 20 Yanvar Şəhidi Saleh  Poladi! Sənin bu dünyada nə varisin qaldı, nə də adını yaşadacaq bir ailə üzvün… Əzizlərin çoxdan Haqq dünyasına qovuşublar. Ancaq səni unutmayan, sənin haqqını yaddaşında yaşadan, əziz xatirəni bu gün də fəxarət hissi ilə yad edən Vətən övladları var.
     Ailənin yeganə övladı idin. Sənin Şəhadətindən sonra tənha ömür sürə bilməyən Gülbahar ana da bu dünyadan köçdü. Hələ sən körpə ikən Haqq dünyasına qovuşmuş atan Əliqulu kişini demirəm… Arazın o tayından Qazaxın Bala Çaylı (Keçmiş adı Kommuna və ya Çaylı Kommuna) kəndinə pənah gətirmiş baban Bayrış kişi fədai idi. Atan fədai idi. Adını daşıdığın əmin Saleh sənin kimi 22 yaşında Şəhid olmuş fədai idi. Özün də bu torpağa, bu Vətənə fədai oldun. Nakam ruhun şad olsun, fədai qardaş!
     Bu arada bir şeir parçası də əlimə keçib. Sənin solmaz xatirənə ithafən yazılıbmış. Müəllifi Şərqiyyə Əliyevadır. Kim bilir, bəlkə də sən Şəhadətə ucalandan sonra yoxluğuna dözməyib hər gün məzarın üstə göz yaşı tökən bir Azərbaycan gözəlinin qəlb yanğısı, acı fəryadıdır:


SƏN OLACAQSAN


(20 Yanvar Şəhidimiz Saleh Poladinin əziz xatirəsinə)


Bu gecə qətlə yetdi Şəhidlər,
Torpaq da ağladı, göy də ağladı.
Azadlıq deyərək qurban getdilər,
Şəhidlərə şahid ay da ağladı.

 

Susdu neçə qəlbdə döyünən ürək,
Arzular, ümidlər borana döndü.
Dünən Vətən deyib fəryad eyləyən,
Bu gün əbədiləşib tarixə döndü.

 

Arzular, ümidlər bir amal üçün,
Bir bayraq altında yığıldı bu gün.
Baxmadı tökülən Şəhid qanına,
Bayrağın göylərə qaldırdı bu gün.

 

Bu gün azadlığı anlatdı bizə,
Qorxmadan tank üstə gedən oğullar.
Bu yolda kimliyin yetirdi bizə,
Şəhid adı alıb ölən oğullar!

 

Təbriz elinin ey Şəhid oğlu,
Əbədi qəlblərdə yaşayacaqsan.
Məzarın xalqımın inamlı andı,
Müqəddəs and yeri sən olacaqsan!


     Doğma Ata yurdun Təbrizdən bu gün Müqəddəs Məkanda dolaşan ruhuna dualar və salamlar olsun, ey Azadlıq Fədaisi!


Sevinc ƏDALƏTQIZI
 

Best coffeeshop in Berlin