Sevinc ƏDALƏTQIZI:
Üç yaşımın 20 Yanvar sarsıntısı
Əslində, 1990-cı ilin 20 Yanvar faciəsi mənim bir ömürlük yaddaşıma tarix kimi yox, ruhuma həkk olunmuş bir mənəvi yara kimi yazılıb. Elə bir gün olmayıb ki, bu ağrı yaddaşımdan keçməsin. Ağlım kəsəndən, uşaqlığımdan bu yaşıma qədər sanki mən bu ağrı ilə yaşamışam — səssizcə, kimsəyə hiss etdirmədən, amma daim içimdə daşıyaraq. Özüm 20 Yanvar cəmiyyətinin üzvü olmasam da, Şəhid ailələrinin yaşadığı sarsıntıya bənzər bir mənəvi ağırlığı illər boyu içimdə hiss etmişəm. Hadisələri görmədən, güllə səsini eşitmədən, amma daxildən-duyaraq…
20 Yanvar faciəsi baş verəndə mənim üç yaşım vardı. Üç yaşlı uşağın dünyası adətən başqa olar… Biz o vaxt Sahil metrosunun yaxınlığında, keçmiş Malakan bağı deyilən, indiki Xaqani bağı ərazisində yaşayırdıq. Evimiz travmataloji xəstəxananın yanında idi. Bu gün travmatoloji xəstəxananın yerində Bakı Kitab Mərkəzi yerləşir. Yaşadığımız bina isə milyonçu Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi tarixi tikili idi. Bu bina bu gün də dövlət tərəfindən qorunan memarlıq abidəsidir. O zaman ünvanımız Üzeyir Hacıbəyov küçəsi 3 idi. Küçəmiz dar olduğuna görə, tanklar xoşbəxtlikdən həmin əraziyə daxil olmamışdı. Əsas qırğınlar daha çox 20 Yanvar metrosu, Salyan kazarması tərəflərində baş vermişdi.
Faciə baş verməmişdən bir neçə saat əvvəl — yanvarın 19-da, günorta çağı anam məni və 9 aylıq qardaşımı Sahil bağına gəzintiyə çıxarmışdı (O zaman 26-lar bağı adlanırdı). Orada böyük bir barrikada qurulmuşdu, insanlar toplaşmışdı, xalqın taleyi müzakirə olunurdu. Həmin anda anamın yaxından tanıdığı və əsərlərini sevə-sevə oxuduğu yazıçı İsi Məlikzadə ilə rastlaşmışdıq. O, anama yaxınlaşıb demişdi: “Qızım, vəziyyət çox gərgindir, nəsə ağır bir şey gözlənilir. Uşaqlar balacadır, iğtişaş düşər, ayaq altda qalarlar, burada dayanmayın, evə gedin.” Bu sözlərdən sonra anam bizi götürüb oradan uzaqlaşdırmışdı.
Həmin gün anam yaxın rəfiqəsi, qonşumuz Əminə xanımla da qarşılaşmışdı. Əminə xanım hadisələr barədə xəbərləşərkən anamı 1 saylı məktəbin qarşısında keçiriləcək mitinqə dəvət etmişdi. Anam isə iki körpə uşaqla mitinqə getməyin mümkün olmadığını demişdi. Əminə xanım bəy nəslinə mənsub, ziyalı bir ailənin nümayəndəsi, repressiya qurbanının övladı olmaqla yanaşı, atası Azərbaycan SSRİ xalq daxili işlər komissarı vəzifəsində çalışmış Həmid Sultanovla doğma əmioğlu idi.
Axşam saat 20:30 radələrində televizorumuz birdən söndü. Ekran qarışdı, görüntü itdi. Anlaşılmazlıq yarandı. Atamla anam televizorun sıradan çıxdığını zənn edərək onu döyəcləyir, yenidən açmağa çalışırdılar. Həmin an efirdə xəbərlər proqramı yayımlanırdı. Ölkə rəhbəri xalqa müraciət edərək Bakıya qoşun yeridilməyəcəyini bildirmiş, insanları arxayın etmişdi — guya heç bir narahatlığa əsas yox idi.
Anam qapı qonşusuna keçib vəziyyəti soruşanda onlar da televizorlarının söndüyünü dedilər. Məhz o an hər şey aydın oldu: bu, texniki nasazlıq deyildi. Televiziya qəsdən susdurulmuşdu. Şəhər qaranlığa və xəbərsizliyə qərq edilmişdi.
Bu hadisədən sonra anam paltar sərmək üçün eyvana çıxmışdı. Qaranlıq düşmüşdü. Dəniz tərəfdən gəmilərin fit səsi gəlirdi — uzun, ağır, nigaran bir səs. Anam deyirdi ki, o an hiss etdi: şəhərdə vəziyyət çox pisdir. O fitlər sanki Bakının öz ah-naləsi idi.
O gecə biz faciədən xəbərsiz idik. Atam və əmim Sumqayıtda yaşayan nənəmgildən Bakıya elektrik qatarı ilə qayıtmışdılar. Avtobusla qayıtmadıqlarının səbəbi isə yolun bağlı olması idi. Sonradan anladıq ki, bu, Tanrının möcüzəsi imiş. Çünki avtobusla qayıtsaydılar, qırğının ən şiddətli saatlarına düşə bilərdilər. O dövrdə Bakı avtovağzalı 20 Yanvar meydanına yaxın ərazidə yerləşirdi.
Ertəsi gün səhər atam çörək almaq üçün küçəyə çıxanda ağlaya-ağlaya gəzən qadınlarla qarşılaşmışdı. Onlar AXC-nin qərargahının yerini soruşur, övladlarını axtarırdılar — kimisi evə qayıtmamışdı, kimisinin öldüsü-dirisi bilinmirdi. O zaman atam hər şeyin fərqinə varmışdı. Burada bir haşiyə çıxmaq istəyirəm: 20 Yanvar faciəsinə aparan yol məhz 1990-cı il yanvarın 13-dən başlamışdı. Həmin günlərdə Bakıda ciddi gərginlik hökm sürürdü. Şəhərdə qorxunc və xaotik bir ab-hava yaranmışdı; bəzi ərazilərdə qarşıdurmalar baş verir, zorakılıq halları müşahidə olunurdu. Atam deyirdi ki, bu hadisələr zamanı məqsədli təxribatlar törədilirdi. 1988-ci il Sumqayıt hadisələrində olduğu kimi, Bakıda da ermənilər tərəfindən baş verən zorakılıqlar planlı şəkildə azərbaycanlıların adına yazılmağa çalışılırdı. Bu, vəziyyəti daha da nəzarətdən çıxarır, şəhəri qorxu və təşviş içində saxlayırdı. Atam yanvarın 13-də şahidi olduğu bəzi səhnələri anamla bölüşmüşdü. Bu hadisələr onun yaddaşında dərin iz buraxmışdı. Mən uşaq idim, amma illər sonra bu danışılanlar 20 Yanvara aparan gərgin və qorxulu günlərin hansı atmosferdə yaşandığını daha aydın anlamağıma kömək etdi.
Anam küçədə güllə atıldığını bildiyi üçün atama yalvarmışdı ki, evdən çıxmasın. Amma bütün təhlükə və qorxuya baxmayaraq, atamla əmim Şəhidlərin dəfnində iştirak etmişdilər. Dəfn mərasimi Azadlıq meydanından başlamışdı.
Bu günlərdə bizim üçün başqa bir ağrı da vardı: Anamın Sumqayıtda yaşayan ata nənəsi vəfat etmişdi. Telefon əlaqəsi kəsildiyindən, Bakı ilə Sumqayıt arasında xəbər gəlmirdi. Odur ki, anam bir həftə bu itkidən xəbərsiz qalmışdı. Sonralar rəhmətlik nənəmdən (atamın anasından) eşitdim ki, həmin günlərdə Sumqayıt–Bakı yolunun uzun müddət bağlı qalmasının bir dəhşətli səbəbi də var idi: Şəhid alimlərimizin olduğu maşının üzərindən vəhşicəsinə tank keçmişdi. Maşın əzilmişdi. Bu ağır cinayəti foto və video lentə almaq üçün həmin ərazidə çəkilişlər aparıldığından yol bağlanmışdı.
Televiziya partladılmış, efir susdurulmuşdu. Bir həftə sonra efir açıldı və mən xalq şairi Bəxtiyar Vahabzadənin göz yaşları içərisində, kədərli çıxışını gördüm. Bu səhnə uşaqlıq yaddaşımdan heç vaxt silinmədi.
Bir neçə gün sonra əmim bizə gəldi. Mən sevincək halda qabağına qaçdım. Üzümdən öpdü. Saqqalının üzümə toxunuşu qəribə bir hiss buraxdı — sanki tikan batmışdı. Qorxu yox idi, amma anlaşılmaz bir duyğu vardı. Sonradan anladım ki, o günlərdə bütün Bakı Vətənimizin azadlığı uğrunda qurban getmiş cavanlarımıza yas saxlayırdı.
O ağır günlərdə hər evdə bir buklet vardı. Atamla anam Şəhidlərin kimliyini bilmək üçün diqqətlə baxırdılar. Mənsə kənarda dayanaraq o bukleti atamla-anamın əlindən almağa çalışır və baxmağa səbirsizlənirdim. İlham və Fərizə, Svetlana xanım, Ülvi Bünyadzadə və digər Şəhidlərin şəkilləri bu gün də gözümün qarşısındadır. Mən o bukletə səssiz, sakit baxırdım. Sanki anlayırdım — bu fotodakı şəxslər bizim Şəhidlərimizdir.
İllər keçdikcə daha dərindən anladım ki, haqqında yazdığım o qanlı və şanlı gecənin Qəhrəmanları Ülvi Bünyadzadə, Azər Ələkbərov, Müşfiq İsayev, Rahim Babayev, Telman Bağırov, Cavad İsmayılzadə, Eldar Məmmədov, Namiq Əliyev, Şahin Məmmədov, Azad Mirzəyev, Saleh Poladi və digər Şəhidlərlə aramda bir ruh bağı var imiş. Bu bağın kökü mənim üç yaşımda yaşadığım o səssiz sarsıntıya dayanır.
Bu günə qədər 20 Yanvarla bağlı məlumatlar toplayıram, araşdırmalar aparıram, hadisələrlə bağlı roman trilogiya, Şəhidlərimiz haqqında kitablar ərsəyə gətirmişəm. Eyni zamanda foto və videokadrlar əldə edirəm, zəngin bir arxivə sahibəm. Hər il Şəhidlərimizin anım və doğum günlərində bu materiallardan istifadə edirəm. Şəhid ailələri ilə mütəmadi əlaqə saxlayıram və aramızda isti, səmimi münasibət formalaşıb.
Uşaqlığımda yaşadığım üç yaşlı sarsıntı mənə öyrətdi ki, bu ağır faciəni unutmaq olmaz, həmişə yad etmək, Şəhidlərin ruhuna ehtiram bəsləmək, onları yaşatmaq lazımdır. Həyatım boyunca vicdanımın səsi mənə əmr etdi: unutmamaq, yaşatmaq, hörmət və ehtiramla yad etmək, onların Vətən eşqini, ideyalarını öz əsərlərimə gətirmək, onların ideyaları ilə yaşamaq!
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, gənc Güləşçi Müşfiq İsayev haqqında kitab hazırlayarkən onun Şəhid edildiyi məqamda geydiyi idman forması və görkəmi məni çox maraqlandırırdı. Ailə üzvlərindən Müşfiq İsayevin cəsədini əks etdirən həmin videokadrı birbaşa tələb etməklə onları incitmək istəmədim. Bu görüntü illərlə arxivlərdə qalmış 20 Yanvar kadrlarının içində idi. Bütün arxiv videokadrlarını ələk-vələk etməklə Müşfiq İsayevin cəsədinin video görüntüsünü özüm tapdım. Diqqətlə baxdım və tanış bir simanı gördüm. Müşfiq İsayevə bənzətdim, şəkillərini qarşıma qoydum və ailə üzvlərinə göstərdim. Onlar da təsdiqlədilər ki, görüntüdə olan şəxs Müşfiq İsayevin məhz özüdür. Həmin videogörüntüdən kadr götürərək fotoşəkil halına saldım və onu kitabıma daxil etdim. Bu iş mənim üçün sadəcə araşdırma deyildi, böyük məsuliyyətlə yanaşı, Şəhid xatirəsinə ehtiram idi. Beləliklə, uzun illər sonra, faciənin o intensiv saatlarında Müşfiq İsayevə dəyən gülləni sanki öz ürəyimdə hiss etdim və həmin dəhşətli, şiddətli ağrının içində doğuldu bu kitab: “Şəhid pəhləvan”
Bu yazı bir xatirədir. Bir uşağın susaraq yaşadığı yaddaşdır.
20 Yanvar mənim üçün tarix deyil — ömür boyu daşınan bir ruh yarasıdır.
Vətənimizin azadlığı və suverenliyi uğrunda canını fəda edən bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyirəm!
Sevinc ƏDALƏTQIZI
20 Yanvar Şəhidləri irsinin araşdırmaçısı


