Cüdoçuların mundialında daha bir uğursuz gün
Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir. Təəssüflər olsun ki, mundialın birinci günü kimi ikinci günü də Azərbaycan yığması üçün uğursuz olub. Belə ki, ikinci gün tatamiyə çıxan hər iki cüdoçumuz mübarizəni erkən başa vurub. Cütlüyümüzdən Ruslan Paşayev (66 kq) ilk görüşdə (1/16 final) braziliyalı rəqibi Ronald Limani məğlub etsə də 1/8 finalda Yaponiya təmsilçisi Tokeşi Takoekoya uduzub.
Gültac Məmmədəliyeva (52 kq) isə elə startdaca kiprli Sofiya Asvestə məqlub olub.
Bununla da Azərbaycan mundialın ilk iki gününü medalsız başa vurub.
Mundialın üçüncü günü daha üç təmsilçimiz tatami üzərinə çıxacaq. Bu üçlükdə Paris Olimpiadasının qalibi Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və zərif cinsdən olan Fidan Əlizadə (57 kq) mübarizəyə qatılacaq.
Yeri gəlmişkən, bu Heydərovun Paris Olimpiadasindan sonra qatıldığı ilk yarışdı.
İNTİQAM Məmmədov