Murad İbrahimli və Lalə Hüseynova birinci dəstənin qalibi olub
Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən seçmə xarakterli 1-ci dəstəyə bu gün yekun vurulub. Çempionatda Bakı, Sumqayıt, Şəki, Yevlax və Qubanı təmsil edən 36 kişi İsveçrə sistemi üzrə, 10 qadın isə dairəvi sistem üzrə 9 turda mübarizə aparıb. Kişilərin yarışında qalib adını 7 xal toplayan və ən yaxın 7 təqibcisini 1 xal geridə qoyan Murad İbrahimli qazanıb. Hərəyə 6 xal toplayan Kənan Qarayev, Süleyman Süleymanlı, Ümid Aslanov, Paşam Əlizadə, Rüstəm Rüstəmov, Rəvan Uquzov və Elmar Atakişiyev isə müvafiq olaraq 2-8-ci yerləri bölüşüb. Reqlamentə görə, ilk beş yeri tutan şahmatçı müvafiq olaraq, 2500, 1800, 1300, 900 və 500 manat mükafat almaqla yanaşı, həm də ölkə çempionatının Yüksək Liqasında oynamaq hüququ əldə edib.
Kişilərin yarışında diqqət çəkən məqamlardan biri, 12 yaşlı Bakı çempionu Suat İbrahimlinin çıxışı olub. 36 iştirakçı arasında reytinq göstəricisinə görə 30-cu olan və prinsipial oyunları ilə fərqlənən bu balaca şahmatçı özündən həm yaşda böyük olan, həm də reytinqdə geri qaldığı bir çox rəqibini qabaqlamağı bacarıb ( 5 xalla, 12-ci yer).
10 qadının mübarizə apardığı analoji yarışda isə hərəyə 7,5 xal toplayan Lala Hüseynova və Məryəm Allahverdiyeva ilk iki yeri tutmaqla yanaşı, həm də çempionatın Yüksək Liqasında çıxış etmək hüququ qazanıb. Qadınların yarışında ilk üçlüyü isə 6 xalla Dinarə Hüseynova tamamlayıb. Mükafata gəlincə, 1-3-cu yerlərin sahibləri müvafiq ardıcıllıqla 1200, 800 və 500 manat qazanıblar.
Yeri gəlmişkən, yanvarın 31-də isə ölkə çempionatının Yüksək Liqasına start veriləcək.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)